Baş onkoloq: Vəziyyəti pisləşən qonşuma yanlış diaqnoz qoymuşdum - MÜSAHİBƏ

Yeniavaz.com xəbər verir ki, Milli Onkologiya Mərkəzinin baş onkoloqu Azad Kərimlinin Oxu.Az-a müsahibəsi:

- Xərçəng xəstəliyi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Əslində, xərçəng xəstəliyi nədir?

- Xərçəng hüceyrə səviyyəsində gedən xəstəlikdir. Bu gün artıq bu xəstəliyin müalicəsi var. Xəstəliyin birinci və ikinci mərhələsində müraciət edilsə, xərçəngin yerləşdiyi nahiyədən asılı olmayaraq, müalicə mümkündür.

Ümumiyyətlə, bu, təbiətə məxsus xəstəlikdir. Canlı aləm yarandığı gündən bu xəstəlik mövcuddur. Xəstəliyə insanlarla yanaşı, bütün canlılarda təsadüf etmək mümkündür. Məsələn, ağaclarda “taca bənzər fır” adlanan şiş xəstəliyi var. Hətta qazıntılar zamanı dinozavrların sümüklərində də şiş olduğu aşkarlanıb. Milyard il əvvəl yaşayan nəhəng heyvanlarda da bu xəstəlik olub.

Xərçəng qədim xəstəlik sayıldığı üçün o vaxtlar özünə məxsus adı olub. Məsələn, əvvəllər bu xəstəliyə el arasında “yaman yara” deyirdilər. Bir müddətdən sonra “yaman şiş” dedilər. Sonra elmin inkişafı, elmi araşdırmalar nəticəsində xərçəng xəstəliyi kimi dəyərləndirildi. Xərçəngin gələcəkdə olub-olmayacağı isə sual altındadır. Çünki bu xəstəliyin tam etilogiyası dünyada hələ öyrənilməyib. Ancaq hazırda dünyada və ölkəmizdə bu sahə ilə bağlı böyük nailiyyətlər, irəliləyişlər əldə olunub. 

- Milli Onkologiya Mərkəzində neçə xəstə qeydiyyatdadır?

- Hazırda 1105 xəstə mərkəzdə müalicə alır. Gün ərzində isə 1200 xəstə müraciət edir. Bir xəstənin il ərzində bir necə dəfə müraciəti qeydiyyata alınır. Bu səbəbdən insanları qorxutmaq lazım deyil. Çünki bir milyon əhalisi olan Çeçenistanda 17 min onlokoji xəstə qeydiyyatdır. İki milyon əhalisi olan Krımda isə 50 min qeydiyyatda olan xəstə var. Amma bizdə 10 milyona qarşı 49 min xəstə qeydiyyatdadır.

- Bu istiqamətdə aparılan işlər sizi qane edirmi?

- İlk növbədə əhali arasında maarifləndirmə işləri aparılmalıdır. Bu xəstəlik həddindən artıq vacib problemdir. Onkoloqa kimi xəstələr çox yerə müraciət edirlər. Amma anlaya bilmirlər ki, onkoloji prinsiplərə əsasən, xəstələrin müayinə və müalicəsi aparılmalıdır. “Onkoloji xəstələrin yardım haqqında” qanun da xəstələrin onkoloji tibb müəssisələrində müayinə və müalicə olunması qeyd edilib. Amma özəl xəstəxanalar onkoloji prinsiplərə uyğun cərrahi əməliyyatları icra etmirlər.

Çalışmaq lazımdır ki, insanlarda xərçəng qorxusu aradan götürülsün. Hətta ziyalılarımız belə mərkəzə gəlmək yerinə başqa cərrah tapıb onların yanına gedir. Düşünmürlər ki, bizim mərkəzlə digər xəstəxanalardakı şərait eyni deyil. Çünki heç bir zaman xəstəxanalarda önəmli olan onkoloji prinsiplərə və qanunlara uyğun əməliyyatlar edilmir.

Hazırda ən böyük təbliğat vasitəsi televiziyalardır. Təəssüflər olsun ki, bütün kanallarda dünyanın ən gözəl yeməklərini bişirən Azərbaycan qadınlarına yemək bişirməyi öyrədirlər. Həmçinin, hansısa müğənninin ad günü keçirilir, geyimləri nümayiş olunur və ya hara istirahətə getdikləri verilir. Axı bunların heç biri maraqlı deyil. Məgər ölkəmizdə heç kimyaçı, fizik, həkim və ya professor yoxdur ki, xəstəlik haqqında danışsın.  

Onkoloji xəstəliklər bütün dünyada problemdir. Bu xəstəliyi ildə bir dəfə qabartmaq olmaz. Mütəmadi olaraq onun həlli ilə məşğul olmaq lazımdır. Məsələn, bu yöndə maarifləndirici bir proqram hazırlaya bilərlər. Proqramda xəstəliklə bağlı bütün detallar qeyd edilməlidir. İnanın ki, həmin proqram daha baxımlı olacaq.

- Ölkəmizdə daha çox hansı onkoloji xəstəliklər geniş yayılıb?

- Dünyanın hər yerində onkoloji xəstəlik eyni olduğu üçün rast gəlmə tezliyi də eynidir. Məsələn, kişilər arasında ağciyər və prostat vəzi, qadınlarda isə süd vəzi və uşaqlıq boynu xərçəngi geniş yayılıb.

Avropada hər il “Xərçəngə yox deyək” adlı bir aylıq aksiya keçirilir. Bizdə o imkanlar olmadığı üçün yalnız hər il oktyabrın 20-də Bakıda, Gəncədə, insanların çox olduğu yerlərdə onkoloji mərkəzin bütün həkimlərinin iştirakı ilə bukletlər qadınlara paylanılır, həkimlərimizə lazım olan suallar verilir. 

İnsanları maarifləndirmə baxımdan bizə kömək yoxdur. Biz bacardığımızı edirik. Mərkəzdə iki böyük diaqnostik mobil laboratoriya maşını var. 15 nəfərlik həkim briqadası o maşınlarla il boyu ölkəni gəzir. Heydər Əliyev Fondunun Regional İnkişaf Birliyi ilə birlikdə rayonlara gedirik. Yoxlamalar zamanı başlanğıc mərhələdə olan xəstələr aşkarlanır. Bu yaxınlarda Balakən, Zaqatala, Qax və Şəkidə olduq. 

Əgər insanlar vaxtında bu xəstəliyi aşkarlayıb müraciət etsə, yüz faiz sağalma ehtimalları var. Məsələn, televizyalarda tanınan insanların sağaldığını görürük.

- Uşaqlar arasında xərçəngin yayılma səbəbi nədir?

- 2012-ci ilə kimi ölkəmizdə uşaq onkologiyası və ya onkoloqu yox idi. İmkanlı şəxslər xaricə gedirdi. Kasıblar isə yarıdüzgün-yarısəhv müalicələr alırdı. 2012-ci ildə birinci vitse-prezident Mehriban Əliyevanın göstərişinə əsasən, Azərbaycanda uşaq onkologiyası klinikası yaradıldı.

Hazırda bu xəstəliklə bağlı kadrlarımız var. Məsələn, xaricdə öhdələrinə götürmədikləri uşağı bizim kadrlar əməliyyat edib böyük şiş çıxarıblar. Hazırda uşağın vəziyyəti çox yaxşıdır. Çünki uşaqlarda böyüklərə nisbətən sağalmaya nail olmaq mümkündür.

- Çox vaxt xərçəngin müxtəlif qidalardan yarandığını deyirlər. Deyilənlər doğrudur?

- Xərçəngin yaranmasına səbəb ola biləcək xüsusi bir qida yoxdur. İnsanları qorxutmasınlar. Ümumiyyətlə, sağlam həyat tərzi keçirmək, düzgün yuxu rejiminə riayət etmək, təmiz havada çox gəzmək, meyvə-tərəvəzdən və sağlam məhsullardan istifadə etmək lazımdır.

Duz, yağlı qidalar və ətdən çox az istifadə edilməlidir. Meyvə və tərəvəzlərdə orqanizm üçün lazım olan vitaminlər və minerallar var. Amma hamısının təbii növündən istifadə etmək lazımdır. Deyilənlərə əməl edilsə, belə xəstəliklər olmaz. 

- Hansısa qidaların xərçəngi sağaltması ilə bağlı məlumatlar yayılır. Ümumiyyətlə, elə bir qida varmı ki, xəstəliyi sağaltsın və ya qarşısını alsın?

- Bizə elə müraciətlər çox olur. Məsələn, kiməsə yuxuda xərçəngin dərmanın olduğunu deyirlər. Hətta xərçəngi ilan zəhəri ilə müalicə edə biləcəyini deyənlər də var. Amma dedikləri yalandır. Çünki həmin insanlar kimsəyi müalicə etmədiklərini mənə açıq şəkildə deyirlər.

Bu gün texnologiyalar əsridir. Hansısa qidanın xərçəngi sağaltdığını deyənlər ortaya faktlar qoymalıdır. Bu cür mənasız və lazımsız fikirlərdən uzaqlaşmaq lazımdır. Mən onları qəbul edə bilmirəm.

- Niyə çox vaxt bu xəstəliklə bağlı xəstələrin bəziləri xaricə üz tutur?

- Doğrudur xaricə gedənlər olur. Amma istər məmur, istərsə də adi vətəndaşlar hara getsələr də, yenidən bizim mərkəzə gəlirlər. Son vaxtlar onkoloji xəstələrin xaricdəki xəstəxanalara müraciət etmələri xeyli azalıb.

- Bəzi hallarda bu xəstəlikdən sağalanlar olur. Hansı hallarda bu baş verir?  

- Vaxtında qoyulan diaqnoz, müalicə taktikasının onkoloqlar tərəfindən düzgün seçilməsi və müasir dərmanlar, avadanlıqlar əsas göstəricidir. 

- Xəstələrinizdən ən çox neçə il yaşayan olub?

- Hazırda 22 və 24 ildir yaşayan xəstələrim var. Onlar öz xəstəliklərinə laqeyd deyillər. Deyilənləri vaxtında yerinə yetirirlər.

Dünyada 40 yaşından sonra qadınlar süd vəzilərini müayinə etdirirlər. Bizdə isə qadınlar yoxlanmaq istəmirlər. Amma anlaya bilmirlər ki, süd vəzində gecikmiş xərçəng xəstəliyinin aşkar olunması bütün ailəni dərdə salır. Qadının xəstə olması bir ailənin məhv olması deməkdir.

- Heç səhv diaqnoz qoyduğunuz xəstəniz olub?

- Bəli olub. Belə ki, vəziyyəti pisləşən qonşuma öncə yanlış diaqnoz qoymuşdum. Çünki ilkin olaraq xəstəlik zəhərlənməyə oxşayırdı. Dərman almalarını söyləsəm də, nəyisə düzgün etmədiyimi hiss elədim. Yenidən həmin xəstəliyi araşdıranda səhv diaqnoz qoyduğumu anladım. Təcili xəstəxanaya apardığım qonşum appendisitdən əməliyyat olundu.

Mərkəzdə yanlış diaqnoz qoyduğum xəstə olmayıb. Ümumiyyətlə, səhv gözləniləndir. Əsas odur ki, təkrarlanmasın.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top