Filmlərə baxmaq insanı qocaldır


Kinoteatrlara gedib filmləri izləmək yüzlərlə ölkədə milyonlarla insanın sevimli məşğuliyyəti olsa da, onlardan heç birinin ağlına da gəlməz ki, tez-tez film izləmək insanı qocaldır.

Ekspertlər bunu insan sifətinin mimikaları ilə əlaqələndirirlər: gərgin süjetli triller, qorxu filmlərini izləyərkən insanlar xarakterik olaraq üzlərini qırışdırır, qaşlarını qaldırır, düyünləyirlər, alınlarında qırış yaranır. Qəhqəhə çəkməyə vadar edən komediya filmlərinin də qocalmaqda payı az deyil, axı güləndə də üz dərimiz yığılır, beləcə, vaxtından əvvəl qırışıqlar yaranır.

2000 nəfərin iştirakı ilə keçirilən eksperiment zamanı məlum olub ki, yalnız darıxdırıcı, üzdə heç bir emosiya izi doğurmayan filmlər xarici görkəmimizə heç bir təsir etmir. Tədqiqat zamanı müəyyən edilib ki, "orta statistik" qorxu filminə baxarkən insan üzünü 20 dəfə turşudur. Yaxşı triller 50 dəfə üz mimikasının dəyişməsinə səbəb olur. Əla bir komediya isə tamaşaçıların üzünü 115 dəfə dəyişməyə qadirdir. Bütün bunlar zamanla üzümüzdə dərin qırışların yaranmasına gətirib çıxarır.

Eyni zamanda müəyyən edilib ki, komediyalar dodaqlar və gözlərin ətrafında (40%), triller və qorxu filmləri isə alında (50%) qırışların yaranmasına səbəb olur. (Sputnik Azərbaycan)

DİGƏR XƏBƏRLƏR

Top