Əsl peşələri müəllimlik olan Azərbaycan məşhurları - SİYAHI


Bu gün 5 oktyabr müəllimlər günüdür. Digər peşələr kimi müəllimlik də olduqca məsuliyyət tələb edir. Müəllim əməyinin nəticəsində dünyagörüşlü, savadlı, cəmiyyətə faydalı insanlar yetişir. Azərbaycan məşhurları arasında da bu məsuliyyətli ixtisasdan məzun olanlar var. Lakin onlar bu sənəti davam etdirməyib, fərqli peşəyə yiyələniblər.
Yeniavaz.com əsl peşələri müəllimlik olan məşhurların siyahısını təqdim edir:

Bu siyahıya ilk öncə Azərbaycan Mədəniyyət Naziri Əbülbəs Qarayevlə başlayaq. O, 1973-1978-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunda təhsil alıb və 1978-ci ildə Saatlı rayonunda M.Əzizbəyov adına orta məktəbdə ingilis dili müəllimi işləyib.

Xalq artisti Ağadadaş Ağayevin də əsl peşəsi müəllimlikdir. O, 1972-1977-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alıb. 1977-1983-cü illərdə isə Cəlilabad rayon Hasıllı kənd orta məktəbində müəllim işləyib.

Azərbaycanın dedektiv əsərlər müəllifi Elxan Elatlı yazıçı olmamışdan əvvəl fizika-riyaziyyat müəllimi olub. O, 1980–1985–ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001–ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb.

Əməkdar artist Baloğlan Əşrəfov 1978-ci ildə ADU-nun filologiya fakültəsini bitirib. O, universiteti bitirdikdən sonra  5 il kənddə müəllim işləmişdir.

Müğənni Elnarə Xəlilova da müəllimlik fakültəsini bitirib sənətinə müğənniliklə davam edən məşhurlardan biridir. O, 1 oktyabr 1980-ci ildə Bakıda anadan olub. 1997-ci ildə məktəbi bitirib, elə həmin ildə Azərbaycan Dövlət Dillər Universitetinin Filologiya fakültəsinə daxil olub və universitetdən qırmızı diplomla məzun olub. 

Müəllimlik fakültəsini bitirən bir digər müğənni isə Elxan Şirinov olub. O, məktəbi bitirdikdən sonra Xarici Dillər Universitetində alman və ingilis dili müəllimi olaraq ali təhsil almışdır. 30 yaşında dissertasiya müdafiə edərək filologiya elmləri namizədi adını almış və hazırda həm də dosent və Amerikaşünasdır. Musiqi sahəsinə isə 90-cı illərdə gəlib.

Əməkdar artist Lalə Məmmədova da müəllimlik peşəsinə sahibdir. O, 1995-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinə daxil olub. Lakin arzu və potensial onu həmişə başqa bir səmtə çəkir. Bu gün məşhur estrada müğənnisi "Məktəb illəri, "Səs, "Bu şəhər ikimizə dar", "Dəli eşq", "Qızıl lalədir adım", "Səni sevirəm" və s. mahnıları ilə məşhurdur. Müğənni həm də disserrtasiyasını müdafiə etməklə AMEA-da Filologiya üzrə fəlsəfə doktoru adına layiq görülüb.
 
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top