Putini təhqir edən jurnalist pul mənimsənilməsi işinə görə prokurorluğa çağırıldı


Gürcüstanın “Rustavi-2” kanalının keçmiş aparıcısı Georgi Qabuniya pul vəsaitlərinin mənimsənilməsi üzrə prokurorluğa çağırılıb.

Bu barədə prokurorluğun mətbuat xidməti məlumat verib.

“Aparılan təhqiqat çərçivəsində “Rustavi-2” kanalının qanuni maraqlarına qarşı xidməti səlahiyyətlərdən sui-istifadə olunması nəticəsində külli miqdara pul vəsaitlərinin mənimsənilməsi faktları üzrə Georgi Qabuniya baş prokurorluq tərəfindən dindirilib”,-deyə qurumun press-relizində deyilir.

Qeyd olunur ki, eyni iş üzrə telekanalın informasiya xidmətinin keçmiş şef-redaktoru Georgi Laperaşvili və keçmiş teleaparıcı, hazırda müxalif “Vahid milli hərəkat” partiyasının üzvü Zaal Udumaşvilinin də izahatı alınıb.

Ümumiyyətlə “Rustavi-2”ni pullarının oğurlanması işi ilə bağlı keçmiş direktor Nika Qvaramiyanın adı təqsirləndirilən şəxs olaraq keçir. Bu ilin avqust ayında Baş prokurorluq N.Qvaramiyanın qəsdən 6 milyon lari (2 milyon dollar) zərər vurmaqda ittiham olunduğunu bildirib.

Tiflis şəhər məhkəməsi 40 min lari (13 min dollar) girov müqabilində Nika Qvaramiyanı məhkəmə istintaqına qədər azad buraxıb.

Xatırladaq ki, Georgi Qabuniya bu il iyul ayının 7-də “P.S.” adlı müəllif proqramında, canlı efirdə Rusiya prezidenti Vladimir Putini təhqir etməsi ilə məşhurlaşmışdı.//musavat.com

DİGƏR XƏBƏRLƏR

Top