Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu bu gün kotirovka sorğusunun qalibi olan şirkətlərlə müqavilə bağlayıb.
Yeniavaz.com xəbər verir ki, Fondun müqavilə bağladığı və ümumilikdə 20 min 877 manat ödəyəcəyi "Sunqalı" MMC, "Copy" MMC və "Langa-LTD" MMC adlı özəl şirkətlərin hər 3-ü cəmi bir-neçə ay əvvəl yaranıblar.
"Langa-LTD" MMC 22.05.2019-cu il, "Sunqalı" MMC 24.06.2019-cu il, "Copy" MMC isə 18.07.2019-ci il tarixlərində dövlət qeydiyyatına alınıblar.
Bu gün müqavilə bağlanıbsa məlum məsələdir ki, kotirovka sorğusu şirkətlərə daha əvvəl göndərilb. O zaman belə görünür ki, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun kotirovka sorğusu göndərdiyi şirkətlərin cəmi bir-iki aylıq təcrübəsi var.
Onu da bildirək ki, bənzər vəziyyət ötən gün Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən bağlanan müqavilələrdə də qeydə alınıb. Sentyabr ayının ikinci yarısında, yəni son 15-20 gün ərzində Səhiyyə Nazirliyinin Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun 3 qalibi olub. Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən keçirilən sorğunun qalibi "Brett-Gruop" MMC, "Azola.az" MMC və "Valmart-MK" MMC olub. Bu şirkətlərə 5 kotirovka sorğusu üzrə ümumilikdə 81 min 601,8 manat vəsait ödəniləcək.
Maraqlıdır ki, Respublika Cüzəm (Leproz) Xəstəxanası tərəfindən elan edilən kotirovka sorğusunun qalibi olan bu şirkətlərdən 2-nin - "Brett-Gruop" MMC və "Valmart-MK" MMC-nin hüquqi ünvanı, qanuni təmsilçisi, nizamnamə kapitalı və qeydiyyat tarixləri üst-üstə düşür.
Hər iki şirkət cəmi 4 ay əvvəl - 21 may 2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Şirkətlərin hüquqi ünvanı kimi Nərimanov rayonu, Bakı ət kombinatı, ev 3 B göstərilir. Hər iki şirkətin qanuni təmsilçisi Məmmədov Kamal Fərman oğludur.
Kotirovka sorğusunun qalibi olan 3-cü şirkətin "Azola.az" MMC-nin hüquqi ünvanı və qanuni təmsilçisi fərqli olsa da, bu şirkət də cəmi 4 ay əvvəl - 23 may 2019-cu il tarixində qeydə alınıb.
Məlumat üçün qeyd edək ki, adları qeyd olunan şirkətlərdən heç biri barədə açıq internet resurlarda hər hansı bir məlumata rast gəlmək mümkün deyil. Onların nə veb-səhifəsi, nə sosial şəbəkə hesabları mövcud deyil. Bu şirkətlər ictimaiyyət üçün tamamilə qapalıdır.