Yeni doğulan körpələr barmaq əmməyi hələ ana bətnindəykən öyrənir. Doğuşdan sahib olduqları ən böyük refleks məhz bu olur. Lakin elə körpələr var ki, 5 yaşında olmasına rəğmən bu vərdişi tərgidə bilmirlər və artıq onlarda asılılıq yaranır. Bəs uşaqlarda bu vərdiş necə tərgidilməlidir?
Pediatr Aytən İsmayılzadə Yeniavaz.com-a açıqlamasında bildirdi ki, ilk növbədə uşaq barmağını hansı səbəbdən əmir, onu araşdırmaq lazımdır:
“Bəzi uşaqlar öz ədyalı, oyuncağı ilə yatır, dırnaq yeyir, barmaq əmir. Bütün bunlar özgüvənsizlik əlamətidir. Hətta uşaq əmzikdən də qurtula bilmir. Barmaq əmməyin yaş yarımına kimi icazəsi var amma bu hal artıq 2 yaşına qədər tərgidilməlidir. Çünki, bu zaman üst damaq qabağa gəlir, diş sırası, ağız forması pozulur, uşaq özünü körpə kimi aparır”.
A.İsmayılzadə bildirdi ki, əgər belə hal davam edirsə mütləq valideyn psixoloqa müraciət etməlidir:
“Bu kimi hallarda valideyn ümumiyyətlə özü tək başına hərəkət etməməlidir. Mütləq psixoloqa müraciət etməlidir. Çünki, valideyn bu zaman səhvə yol verə bilər. Əgər valideyn belə hallarda uşağın üstünə qışqırarsa, bunu etmə deyərsə uşaqda daha çox qorxu yarana və həmin vərdiş daha da möhkəmlənə bilər. Məsələn, valideyn gözü qarşısında etməsə də gizlincə edəcək. Buna görə də mütləq uşağı psixoloqla görüşdürmək və altda yatan səbəbi tapmaq lazımdır”.
İlahə Hüseynova