Azərbaycanda bu avtomobildən cəmi 2 ədəd var? - Statistika Komitəsindən qəribə AÇIQLAMA


Azərbaycan Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu məlumata görə bu ilin əvvəlində Azərbaycanda 1 milyon 170 min 672 minik avtomobili olub.  
Yeniavaz.com xəbər verir ki, Komitə avtomobillərin markalarına görə də sayını açıqlayıb.
Diqqət çəkən məqamlardan biri "Chrysler" markalı minik avtomobillərilə bağlı açıqlanan rəqəmlərdə olub. Komitənin məlumatında qeyd olunur ki, ötən il Azərbaycanda cəmi 2 ədəd "Chrysler" markalı minik avtomobili olub.
Lakin, həm ötən il, həm də bu il müxtəlif elan saytlarında satışa çıxarılan onlarla "Chrysler" markalı minik avtomobilinə rast gəlmək mümkündür. Azərbaycanda cəmi 2 ədəd "Chrysler"in olmadığını küçələrdə aparılan adi müşahidə nəticəsində də müəyyən etmək olar.
Qeyd edək ki, Komitə "Chrysler" markalı avtomobillərin sayının 2011-ci ildə kəskin azaldığını qeyd edib. Belə ki, 2010-cu ildə Azərbaycanda 752 ədəd "Chrysler"in olduğu qeyd olunduğu halda, 2011-ci ildə onların sayının 26 dəfə azalaraq 29 ədədə düşdüyü bildirilir. Sonrakı illərdə də bu say davamlı olaraq azalıb və son 2 ildə 2 ədədə düşüb.
Onu da bildirək ki, 2010-ci ildə avtomobillərin sayındakı kəskin azalma təkcə "Chrysler" markasında müşahidə olunmayıb. Məsələn, 2011-ci ildə ölkədə 11 ədəd "Tatra" markalı avtomobilin olduğu bildirilib. Lakin, növbəti ildə "Tatra"nın sayı 1 ədəd göstərilib.

DİGƏR XƏBƏRLƏR

Top