Övladda nəvə, dövlətdə dəvə


Qiymətli tükü, yararlı südü, ən əsası susuzluğa davamlı və yük götürmə qabiliyyətli bu heyvanlara ölkəmizdə də maraq göstərənlərin sayı az deyil. Məşhur atalar sözünü nəzərə alan nənə və nəvə də, uzun illərdir dəvə bəsləməklə məşğuldurlar. “Səhra gəmi”lərinə daha çox rayon yerlərində rast gəlinsədə, maraqlı məqam onların Mingəçevirdə bəslənməsidir. Fəsil dəyişkənliyindən asılı olmayaraq, dəvələr çöllük ərazilərdə daha çox tikanla qidalanır. Gülgəz Allahverdiyeva nəvəsi Mikayılla şəhər ərazisində 14 baş dəvəyə qulluq edir. Onlardan süd almaq bir qədər çətin olsada, dəvə südü can dərmanı hesab edilir.
Mingəçevirdə şəxsi təsərrüfatlardan birində dəvəyə baxan Mikayıl Allahverdiyev deyir ki, yüklü dəvə gün ərzində 35-40 kilometrə qədər yol, 1 tona yaxın yük daşıya bilir. Bu təsərrüfatda saxlanılan dəvələr çox  təmiz şəraitdə saxlanılır: "Onların hər birinin öz adları var. Bahar, Nər, Qumral, Kəklik, Maya, onu da deyim ki, dəvələri nəfərlə sayırıq əvvəllər 3 nəfər idilər indi 14 nəfərdilər. Adları da fəsillərə görə vermişik. Dəvəyə baxılması bəzən insanlarda çətin kimi görünür. Amma dəvəyə baxmaq o qədər də çətin deyil. Dəvəni buraxırsan gedir səhralıqda özü üçün ən müalicəvi otları tapıb yeyir.Məsələn yovşan, yulğun, yağ tikanı onlarla qidalanır. Onu da deyim ki, dəvə  adları ilə çağrılanda tez bir zamanda sahibinə reaksiya verir. Ən sevimli xüsusiyyətləri isə suda və qumda ağnamaqdır. Dəvənin yunundan, südündən istifadə olunur. Bir gündə iki stəkan süd verir. Bu süddə astma-bronxial və ankoloji xəstəliyinin dərmanıdır. Onu da sağmaq bir az çətinlik törədir gərək iki dəvənin balasını ayırasan ki, onu sağasan. Onda da bala ac qalır”.
Qeyd edək ki, şəhər ərazisində bəslənən dəvələrə maraq böyükdür. Kimisi uzaq məsafə qət edib təsərrüfata gələrək onlarla şəkil çəkdirir. Kimisi də, “Səhra gəmi”lərinin tükündən və südündən almaq üçün həmin məkana üz tutur.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top