SOCAR-a daha bir ETİRAZ: "Sökülən sənədsiz evlərə də kompensasiya verilməlidir!"


Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mühafizə xidməti əməkdaşları ilə Qarabağ əlilləri arasında son günlər baş vermiş qarşıdurma mediada və sosial şəbəkələrdə müzakirə olunmaqdadır.
Bu ilk insident deyil SOCAR-la vətəndaşlar arasında olur. Belə ki, SOCAR-ın balansında olan ərazidə müəyyən qədər tikinti gedəndən sonra qurumun əməkdaşları bunun qanunsuz olduğunu əsas gətirərək, söküntüyə başlayırlar. Bu da bir sıra sualın ortya çıxmasına səbəb olur: əgər həmin ərazidə tikinti qadağandırsa, niyə tikintiyə başlayan vaxt deyil, tikinti bitən vaxt söküntü yada düşür?

Məsələnin başqa bir tərəfi var, əgər ərazi SOCAR-ın balansındadırsa, niyə yaşayış üçün şərait yaradılır, qaz, işıq, su xəttinin çəkilməsinə göz yumulur?  Ya da niyə ərazidəki bütün evlər deyil, bəzilərinə əl qoyulur?

Yeniavaz.com xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, SOCAR-ın torpağı yoxdur, sadəcə balans saxlayandı.

“Sadəcə Nazirlər Kabinetinin qərar və sərəncamı ilə bəzi yerlər neft əraziləri, mədən əraziləri olaraq SOCAR-a ayrılıb. Balans saxlayan olaraq SOCAR həmin torpaqlarda qeyri-qanuni tikililərin qarşısını ala və yaxud qanunsuz tikintilərlə bağlı məhkəmə iddiası qaldıra bilər.

Bu başqa məsələ ki, həmin ərazilərin əksər hissəsində tikililər aparılıb, infrastruktur yaradılıb, həmin ərazilər istismara yararsız ərazilərdir”.

R.Osmanlının sözlərinə görə, qanunvericiliyin verdiyi imkanlardan bəzi dövlət qurumları, hüquqi və fiziki şəxslər  öz məqsədləri üçün istifadə edirlər:

“Yerli icra hakimiyyəti orqanları onun ərazilərindəki torpaq sahələrində olan qanunsuz tikililərə görə vətəndaşlardan tikintiyə icazə verilməsi adı ilə qanunsuz vəsait tələb edirlər.

SOCAR kimi təşkilatlar da yerli icra hakimiyyətlərinə qoşulub, həmin neqativ halların iştirakçısına çevrilirlər. Bu da insidentlərin yaranmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, qurumlar bilərəkdən tikinti bitəndən sonra söküntü ilə bağlı qərar verirlər:

“Qurumlar bilirlər ki, tikinti bitməzddən əvvəl vətəndaşa xəbərdarlıq olunsa, ondan tələb olunan vəsaiti ala bilməyəcək. Amma binanın müəyyən hissəsi tikiləndən, külli miqdarda vəsait xərclənəndən  sonra  söküntüyə gəlirlər. Belə olan halda vətəndaş məcbur olub qeyri-qanuni məbləği ödəyir.  Bu bir korrupsiya elementidir.

Bu tipli neqativ halların qarşısı mütləq alınmalıdır. Əgər bir ərazidə tikinti qadağandırsa, əvvəlcədən orada nəzarət tədbirlərini artırmaq lazımdır, daha insanlar əziyyət çəkib, yüksək məbləğdə pulunu xərcləyəndən sonra yox”.

“Bəzən olur ki, vətəndaşa ev tikmək üçün sənədli torpaq sahəsi  ayrılır. Ancaq vətədaş həmin torpaqda tikdiyi evi sənədləşdirmək istəyəndə problem yaranır. Səbəb isə ərazinin İcra Hakimiyyətindən alınıb SOCAR-ın balansına verilməsidir” – deyə R.Osmanlı fikirlərinə əlavə edib:

“İcra hakimiyyətinin verdiyi sərəncam torpaqayırma sənədindən əvvəl verilibsə, o daha üstün qüvvəyə malikdir. Buna SOCAR hər hansı formada müdaxilə etməməlidir. Əgər həmin ərazidə tikinti aparılıbsa, qərar qəbul olunubsa, ərazi boşaldılmalıdır, aktiv mədən ərazisidir, bu halda SOCAR və ya başqa qurum dəymiş zərəri ödəmək şərtilə söküntünü həyata keçirə bilər”.

Ekspertin sözlərinə görə, Prezident bir neçə ilə əvvəl qanunsuz tikililərlə bağlı danışarkən bildirib ki, qanunsuz tikili mövcud deyil, əslində sənədsiz tikili var:

“Ölkə başçısı da bilir ki, Bakının rayonlarında iki daşı bir-birinin üstünə qoyursansa, dərhal müvafiq icra hakimiyyəti müdaxilə edir. Bu halda hansısa rayonda qanunsuz tikilinin ortaya çıxması çətin məsələdi. Ona görə də hansısa sənədsiz tikili sökülərkən kompensasiya ödənilməlidir.   Buna nümunə olaraq Bayılda sökülən evləri göstərmək olar. Belə ki, Bakıda “Avroviziya” musiqi yarışı keçirilən ərəfədə Bayılda bir sıra ərazilər söküldü, həmin ərazilərdə bir çox evin qeydiyyat sənədi yox idi, buna baxmayaraq sənədi olana da, olmayana da kompensasiya ödənildi. Sözsüz ki, yaşayış olan ərazilərdə söküntü olarsa, mütləq şəkildə kompensasiya ödənişi hətyata keçirilməlidir”.

Ekspert  əlillərə qarşı zorakılığın qəbul edilən hal olmadığını deyib:

“SOCAR da daxil olmaqla, bir çox qurumlar Qarabağ qazilərinə, şəhid ailələrinə bu tip imtiyazlı ailələrə dəstək verməlidir. Hansı ki, dövlət rəhbərliyi həmin şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində bilavasitə qərarlar verir. Bəzi qurumlar da onlardan örnək götürüb heç olmasa, bu cür proseslərdə 300, 500, 1000 manata görə həmin şəxsləri incitməməlidrlər”.

DİGƏR XƏBƏRLƏR

Top