Əhalinin siyahıya alınmasının nəticələri nə vaxt bilinəcək? - AÇIQLAMA


Azərbaycanda əhalinin müstəqillik dövründə sayca 3-cü siyahıyaalınması başlayıb.

Əhalinin siyahıya alınmasına hazırlıq dövrü 3 ili əhatə edib.

Bəs əldə olunan materilların istifadəçilərə açılqnaması nə zaman baş tutacaq?

Yeniavaz.com xəbər verir ki, Dövlət Statistika Komitəsinin Siyahıyaalma Qrupunun rəhbəri Azad Abbasəliyev Lent.az-a bildirib ki, Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 7-də imzaladığı “2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıyaalınmasının keçirilməsi haqqında” fərmanına əsasən, keçən 3 il ərzində siyahıyaalınma ilə bağlı hazırlıq aparılıb: “Əhalinin siyahıyaalınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Təşkilati planların tərtib edilməsi nəticəsində əhalinin siyahıyaalınmasının rayonlaşdırılması başa çatdırılıb. Ölkə ərazisi 720 siyahıyaalma, 6777 təlimatçı və 33 min 907 sayıcı məntəqəsinə bölünüb, bu prosesə cəlb olunacaq işçilərə olan tələbat müəyyən edilib.

Siyahıyaalma vərəqəsi ölkə üzrə ev təsərrüfatlarının və ailələrin sayına, yaşayış binaları və evlərinə, yaşayış üçün istifadə edilən digər tikililərə dair ətraflı məlumatların əldə olunmasına imkan verəcək. Sorğu vərəqəsində isə siyahıya alınacaq hər bir şəxsin cinsi, yaşı, doğulduğu yer, vətəndaşlığı, milli (etnik) mənsubiyyəti, ana dili və sərbəst danışdığı dillər, ailə vəziyyəti, siyahıyaalma anında olduğu yerdə daimi və ya müvəqqəti yaşaması, təhsil səviyyəsi, gəlir mənbələri, məşğulluq vəziyyəti, əhalinin ölkədaxili yerdəyişməsinin və xarici miqrasiyanın səbəbləri və digər mühüm göstəricilər üzrə suallar öz əksini tapıb.

Siyahıyaalma vərəqəsində 6 sual, sorğu vərəqəsində isə alt suallar da daxil olmaqla, 46 sual nəzərdə tutulub”.

Onun sözlərinə görə, proses başa çatdıqdan sonra materiallar siyahıyaalma qrupuna təhvil veriləcək: “Növbəti mərhələdə məlumatların xüsusi proqram təminatı vasitəsilə elektron məlumat sisteminə daxil edilməsi həyata keçiriləcək. Bu proses 2020-ci ili əhatə edəcək. Sonrakı dövürlərdə isə emalı və materialların istifadəçilərə çatdırılması təmin ediləcək. Bu proses isə təxminən 1,5 illik dövrü əhatə edəcək. Siyahıyaalma məlumatlarının istifadəçilərə çatdırılması 2021-ci ilin sonu 2022-ci ilin yarısına qədər nəzərdə tutlub”.

Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıyaalınması oktyabrın 1-dən 10-dək aparılacaq. Sonuncu dəfə siyahıyaalınma 2009-cu ildə keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top