Problemli kreditlər yenidən artmağa başlayıb - RƏQƏMLƏR


Sentyabr ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda banklar və bank olmayan kredit təşkilatları tərəfindən 13 milyard 865,5 milyon manat kredit verilib.
Yeniavaz.com Mərkəzi Bankın açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, son bir ayda verilən kreditlərin həcmi 1,3% və ya 184,1 milyon manat artıb.
Avqust ayı ərzində verilən kreditlərin həcmi ilə bərabər ödəniş müddəti keçmiş kreditlərin, yəni problemli kreditlərin həcmi də artıb. Son bir ay ərzində problemli kreditlər 3,9 milyon manat və ya 0,3% artıb. Avqust ayının əvvəlində 1 milyard 487,4 milyon manat həcmində olan problemli kreditlər sentyabr ayının əvvəlində 1 milyard 491,3 milyon manata yüksəlib.
Xatırladaq ki, bu ilin fevral ayının 28-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb və həmin Fərmana əsasən fziki şəxslərin vaxtı keçmiş kredit borclarının (problemli kreditlər) restrukturizasiyası məqsədilə banklara 682 milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kreditin verilməsi də nəzərdə tutulub.
İyun ayının əvvəlində Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı məlumatda qeyd olunub ki, Prezidenti 28 fevral 2019-cu il tarixli Fərmanının icrası uğurla başa çatdırılıb və Maliyyə Nazirliyi tərəfindən ayrılan 600,1 milyon manat məbləğində vəsaitin 288,8 milyon manatı 562 min nəfər fiziki şəxsin ödəniş müddəti keçmiş kreditlərinə yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top