Gülyaz və Gülyanaq Məmmədovaların qohumunun qəzada ölümü ilə bağlı cinayət işi başlanıb


Yevlax rayonunda ötən həftə baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəis müavini, polis polkovniki Orxan Mansurzadə bildirib.

Onun sözlərinə görə, rayonunun Xanabad kəndində 1 nəfərin ölümü, 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası ilə bağlı ötən həftə DİN-i Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Hadisə zamanı xəsarət alan hər iki avtomobilin sürücüsü xəstəxanada müayinə olunurlar.

Qeyd edək ki, sentyabrın 24-də saat 9 radələrində Yevlax rayonunun Xanabad kəndi ərazisində Şəki rayon sakini Mahal Məmmədkərimovun idarə etdiyi “VAZ 2106” və Ağcabədi rayon sakini X.Şirinovun idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.

Nəticədə Mahal Məmmədkərimovun sərnişinlərindən - atası Mövsüm hadisə yerində ölüb, özü və digər şəxslər - Şəki rayonu Böyük Dəhnə kənd sakinləri - Allahverdiyev Orxan Nofəl oğlu (1992), Məmmədkərimov Əli Mövsüm oğlu (1986), Pirməmmədov Turan Namiq oğlu (1988) və Məmmədkərimov Mahal Mövsüm oğlu (1991) xəstəxanaya yerləşdirilib.

Qəzada ölən 1957-ci il təvəllüdlü Mövsüm Məmmədkərimov xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların bacısının həyat yoldaşıdır. Daha əvvəllər həkim kimi çalışan Mövsüm Məmmədkərimov “Avromed” şirkətinin Mingəçevir filialının müdiri vəzifəsində işləyib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top