Orfoqrafiya lüğəti nə vaxt çap olunacaq? - Açıqlama


“AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun hazırladığı "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çapa hazırdır”. 

Yeniavaz.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Dövlət Dil Komissiyasının üzvü, AMEA-nın vitse-prezidenti, Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğətin yaxın günlərdə Nəsimi adına Dilçilik İnstitutunun elmi şurasında sonuncu müzakirəsi keçiriləcək: “Son dəqiqləşdirilmə aparıldıqdan sonra təsdiq olunmuş "Orfoqrafiya qaydaları" əsasında hazırlanan "Azərbaycan dilinin orfoqrafiya lüğəti" çapa təqdim olunacaq. Hesab edirəm ki, yeni lüğətin çapına oktyabr ayının birinci ongünlüyündən sonra başlanılacaq. Çap prosesi isə noyabrın əvvəlində başa çatacaq”. 

İ. Həbibbəyli qeyd edib ki, dərslik müəllifləri, o cümlədən, hər bir şəxs yeni təsdiq olunan "Orfoqrafiya qaydaları"na istinad etməlidirlər: “Bu qaydalar bütün ölkə üçündür. Buna hər bir kəs əməl etməlidir”.

İ. Həbibbəyli narazılığa səbəb olan sözlərin yazılışı ilə bağlı məsələlərə növbəti dəfə "Orfoqrafiya qaydaları"nın təsdiq olunması zamanı baxılacağını deyib: “Yeni "Orfoqrafiya qaydaları" hazırlanan zaman bir ildən çox müzakirələr aparıldı. Müzakirələrdə 400-dən çox mütəxəssis iştirak etdi. Bütün mümkün olan rəylər, cəmiyyətin maraqları nəzərə alınaraq yeni "Orfoqrafiya qaydaları" təsdiq olundu. Bütün bunlardan sonra isə mübahisə açmağın yeri deyil. Hesab edirəm ki, bu qədər müzakirə heç vaxt olmayıb. Biz ayrı-ayrı müddəaları müzakirə etmək fikrində deyilik. Təkliflər 5 ildən sonra keçiriləcək müzakirələrdə nəzərə alına bilər. Çünki o zaman yeni lüğət də çap olunacaq. Hazırda yekun variant üzərində dayanılıb”.

 Qeyd edək ki, “Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin sonuncu – altıncı nəşri 2013-cü ildə hazırlanıb. "Azərbaycan dilinin orfoqrafiya lüğəti" 5 ildən bir hazırlanır.

DİGƏR XƏBƏRLƏR

Top