Ukraynanın 35 yaşlı yeni Baş naziri Aleksey Qonçaruk erməni əsilli jurnalist Diana Davityanı Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri təyin edib.
Yeniavaz.com Ukrayna mətbuatına istinadən bildirir ki, Diana Davityanın 24 yaşı var və daha əvvəl "Fokus" jurnalında işlədiyi qeyd olunub.
Məlumat üçün bildirək ki, son zamanlar Ukraynada erməni əsilli şəxslərin yüksək vəzifəyə təyin olunması halları tez-tez müşahidə olunmaqdadır.
Daha əvvəl Ukraynada paytaxt Kiyevin daxil olduğu Kiyev vilayətinə 35 yaşlı Mixail Bno-Ayriyan qubernator təyin edilib. Kiyev vilayətinin erməni əsilli yeni qubernatoru 1984-cü ildə Bakıda anadan olub. Bu təyinata kimi Mixail Bno-Ayriyan "Ukrenerji" şirkətində direktor müavini, həmçinin baş nazirin müavini Konstantin Qrişenkonun məsləhətçisi olub.
Bundan başqa Zelenskinin Prezident seçilməsindən sonra formalaşan Nazirlər Kabinetinin yeni tərkibində əvvəlki nazirlərdən yalnız 2 nəfər - Daxili işlər naziri Arsen Avakyan və Maliyyə naziri Oksana Markarova saxlanılıb.
Qeyd edək ki, bu şəxslərin hər ikisi erməni əsillidir.
Aresn Avakyan 1964-cü ildə Bakının Kirov (indiki Binəqədi) rayonunda doğulub. Atası erməni əsilli Boris Surenoviç Avakyan hərbi təyyarəçi olub. Anası isə osetin Tani Matveyevna Qabaraeva olub. 2005-10-cu illərdə Xarkov vilayətinin qubernatoru, 2012-14-cü illərdə Ukrayna parlamentinin deputatı olan Avakyan eyni zamanda Ukraynanın ən varlı şəxslərindən biri hesab olunur. Bir-neçə il əvvəl açıqlanan rəsmi məlumata görə Avakyan Ukraynanın ən varlı şəxsləri arasında 118-ci sırada yer alıb. Rəsmi şəkildə açıqlanan sərvəti isə 100 milyon dollara bərabərdir.
Oksana Markarova 1976-cı ildə anadan olub. ABŞ-da təhsil alıb. Beynəlxalq maliyyə qurumlarında, o cümlədən Dünya Bankında çalışıb. 2015-ci ildən sonra Ukraynanın Maliyyə Nazirliyində yüksək vəzifələrdə işləyib.