Azərbaycan bayrağını harada asmaq olar, harada olmaz? - Hüquqşünas rəyi

 
Bəzən cəmiyyətdə, insanlar arasında Azərbaycan Respublikasının dövlət bayrağından istifadə qaydaları ilə bağlı bir sıra suallar ortaya çıxır. Hansı hallarda bayraqdan istifadə edilməli, nə kimi hallarda, məqamlarda bayraqdan istifadə etmək olmaz. Bu və ya digər məqamlarla bağlı hüquq üzrə fəlsəfə doktoru vəkil Mübariz Yolçiyevdən bir sıra suallar soruşduq.
Vəkil Mübariz Yolçiyevin Yeniavaz.com-a bildirdiyinə görə, hüquqi zəmində, həmçinin sosial həyatda bayraqdan istifadə ilə bağlı bir sıra məqamlar, müddəalar var: "Konstitusiyanın 23-cü maddəsinin 3-cü hissəsində deyilir ki, Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir".
Vəkil Mübariz Yolçiyev qeyd edir ki, Azərbaycan Respublikası Dövlət bayrağından istifadə qaydaları 8 iyun 2004-cü il tarixli "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir: "Bu qanunun 2.1-ci maddəsinə görə, dövlət orqan və idarələrinin yerləşdiyi binaların üzərində Azərbaycan Respublikasının Dövlət bayrağının daimi qaldırılması məcburidir. Dövlət orqan və idarələri ilə yanaşı Azərbaycan Respublikasının sərhəd nəzarət-buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində də Azərbaycan Respublikasının Dövlət bayrağı daimi qaldırılır. Həmçinin Dövlət bayrağı Azərbaycan Respublikasının bayram günlərində, hərbi andiçmə mərasimində, hərbi hissələrə və ya hərbi gəmilərə dövlət mükafatları təqdim edildikdə, hərbi hissələr (bölmələr) və ya hərbi gəmilər xarici dövlətin ərazisində (ərazi sularında) olduqda qaldırılır".
"Qanunun tələbinə görə Azərbaycan Respublikasının Dövlət bayrağı dərs ilinin birinci günü təhsil müəssisələrində qaldırılması və ya asılması, yaxud yerləşdirilməsi məcburidir. Bundan başqa dövlət hakimiyyət orqanları tərəfindən keçirilən rəsmi tədbirlər və mərasimlər zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir", - deyən vəkil Mübariz Yolçiyevin sözlərinə görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinin məcburi olmadığı, lakin qaldırıla və ya asıla biləcəyi yerlər də var: "Misal üçün yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər. Həmçinin Azərbaycan Respublikası Dövlət bayrağı yerli özünüidarə orqanları, qeyri-hökumət təşkilatları, siyasi partiyalar, müəssisə və idarələr tərəfindən keçirilən tədbirlər zamanı qaldırıla (asıla) və ya yerləşdirilə bilər. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən elan olunmuş matəm günlərində Azərbaycan Respublikası Dövlət bayrağının dəstəyinin və ya dirəyinin yuxarı hissəsinə eni 10 santimetr olan qara lent bərkidilir və (və ya) Dövlət bayrağı bayraq dirəyinin yarısına qədər endirilir".
Vəkilin qeyd etdiyinə görə, Azərbaycan Respublikasının dövlət bayrağından istifadənin məhdudlaşdığı sahələr, məqamlar da var: "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən "Azərbaycan Respublikasının Dövlət bayrağı masaların və ya kürsülərin üstünə örtük kimi sərilə bilməz, oturulan və ayaq basılan yerlərə qoyula bilməz". Bu məhdudiyyətdən başqa Qanunda məhdudiyyət nəzərdə tutulmasa belə hesab edirik ki, ədəb və əxlaq qaydalarına, milli məfkurəyə zidd olaraq Azərbaycan Respublikasının Dövlət bayrağında istifadə olunması qadağandır".
Mübariz Yolçiyev bir vətəndaşın evinin balkonundan, iş yerinin qapısından Azərbaycan bayrağını asa bilməsi ilə bağlı məsələyə də toxunub: "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikası Qanunun 4.1-ci maddəsində deyilir ki, Azərbaycan Respublikası Dövlət bayrağı yerli özünüidarə orqanlarının, qeyri-hökumət təşkilatlarının, müəssisələrin və idarələrin binaları, habelə yaşayış evləri üzərində qaldırıla (asıla) bilər. Buradan məlum olduğu kimi, hər hansı bir şəxs evinin balkonundan, iş yerinin qapısından Azərbaycan bayrağını asa bilər və buna dair bir yasaq mövcud deyil. Lakin qanunda qadağa nəzərdə tutulmsa belə hesab edirik ki, burada da ədəb və əxlaq qaydalarına, milli məfkurəyə zidd olaraq Azərbaycan Respublikasının Dövlət bayrağında istifadə olunması qadağandır". 
Vətəndaşların Azərbaycan bayrağını yolda, küçədə, parkda boynuna bağlayaraq gəzməsi hallarına da rast gəlirik. Bu məsələyə də toxunan Mübariz Yolçiyevin qeyd etdiyinə görə bu kimi hallarla bağlı qanunda hər hansı bir qadağa mövcud deyildir: "Yəni hər hansı bir şəxs yolda, küçədə, parkda Azərbaycan Respublikasının Dövlət bayrağını boynuna bağlayaraq gəzə bilər. Lakin onun bu hərəkətinin ədəb və əxlaq qaydalarına, milli məfkurəyə zidd olmama şərti gətirilir".
Qanunda hansı halların Azərbaycan bayrağına hörmətsizlik hesab edildiyi və bu zaman nə kimi cəza tədbirlərinin olduğundan danışan müsahibimiz bildirir ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, o cümlədən gerbinə və himninə hörmət etməlidir: "Dövlət rəmzlərinə hörmətsizliyin nümayiş etdirilməsi qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur".
Mübariz Yolçiyev qeyd edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 324-cü maddəsinin tələbinə görə, Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır: "Bundan başqa Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 384-cü maddəsinin tələbinə görə, Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydalarının pozulmasına görə-vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.
Azərbaycan bayrağını əşyalara, paltara həkk etmək və bu halda ondan istifadə etmək məsələsinə toxunan vəkil Mübariz Yolçiyev bildirir ki, qanunvericilikdə Azərbaycan bayrağının təsvirinin əşyalara, paltara həkk edilməsini qadağan edən hər hansı bir norma yoxdur: "Amma təbii ki, bu təhqir edici mahiyyətdə bir hərəkət olmamalıdır. Yəni Azərbaycan bayrağının təsvirinin əşyalara, paltara həkk edilməsi mümkündür, lakin bu hərəkət əgər ədəb və əxlaq qaydalarına, milli məfkurəyə ziddirsə təbii ki, Qanunun 11-ci maddəsi baxımından "Azərbaycan bayrağı barədə təhqiredici hərəkətlər" kategoraiyasına daxil ediləcək və şəxs məsuliyyətə cəlb olunacaqdır".

Nazim Mustafayev

DİGƏR XƏBƏRLƏR

Top