"Əsrin müqaviləsi"ndən 25 il ötür: Nə qədər qazanıb, hara xərcləmişik və nə qalıb? - SİYAHI


2019-cu il sentyabrın 20-də "Əsrin müqaviləsi" adlı neft sazişinin imzalanmasının 25 ili tamam olur. 
Yeniavaz.com xəbər verir ki, 1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda "Azəri", "Çıraq"  və "Günəşli" yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında Dövlət Neft Şirkəti (SOCAR) ilə dünyanın  inkişaf etmiş dövlətlərini təmsil edən neft şirkətləri arasında saziş imzalandı.
"Azəri-Çıraq-Günəşli" layihəsinin ilk iştirakçıları aşağıdakılar olub:
BP (operator) – 37,43 %
"Chevron"  - 11,27 %
SOCAR - 10 %
"Inpex Corp."  -10,96 %
"Statoil" - 8,56 %
"ExxonMobil" - 8,006 %
TPAO - 6,75 %
ITOCHU - 4,3 %
"Delta Hess" - 2,72 %
Müqavilə imzalanarkən sazişin qüvvədə olma müddəti 30 il göstərilib. Ancaq 2017-ci ilin sentyabr ayının 14-də  Bakıda SOCAR və BP-nın rəhbərlik etdiyi konsorsium arasında Azərbaycanın ən böyük neft yataqlarının 2050-ci ilədək işlənməsinə dair yeni saziş imzalanıb. Düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişdə SOCAR öz payını iki dəfədən çox artırıb.
"Azəri-Çıraq-Günəşli" layihəsində yeni pay bölgüsü belə olub:
BP (operator) - 30,37 %
SOCAR - 25 %
"Chevron" - 9,57 %
"Inpex Corp." - 9,31 %
"Statoil" - 7,27 %
"ExxonMobil" - 6,79 %
TPAO - 5,73 %
ITOCHU - 3,65 %
ONGC Videsh Limited - 2,31%
Bundan əlavə Azərbaycan hökuməti müqavilənin 2050-ci ilə qədər uzadılması üçün BP-nin rəhbərlik etdiyi konsorsiumdan 3,6 milyard dollar (6,12 milyard manat) məbləğində birdəfəlik mükafat alacaq.
Məlumat üçün qeyd edək ki, "Çıraq" yatağında hasilata 1997-ci ildə, "Mərkəzi Azəri"də 2005-ci ildə, "Qərbi Azəri"də 2006-cı ilin əvvəlində, "Şərqi Azəri"də 2006-cı ilin sonunda "Dərinsulu Günəşli"də 2008-ci ilin aprelində, "Qərbi Çıraq"da isə 2014-cü il yanvar ayında başlanılıb.
Bağlanan müqaviləyə görə, xərclər tam ödəniləndən, yəni qoyulan sərmayə götürüləndən sonra mənfəət neftinin yarıdan çoxu Azərbaycanın payına düşür. Xarici şirkətlər qoyduqları sərmayəni tam şəkildə 2008-ci ilin əvvəlində geri götürüblər. Bundan sonra mənfəət neftinin 55%-i Azərbaycana çatıb. Bir müddətdən sonra bu göstərici 70%-ə yüksəlib.
2017-ci ildə bağlanan ikinci müqavilədə Azərbaycanın payının 75%-ə çatacağı gözlənilir. Ancaq bu da yatırılması nəzərdə tutulan 40 milyard dollar sərmayənin geri götürülməsindən sonra mümkün olacaq.
Ümumilikdə "Azəri-Çıraq-Günəşli" yataqlar bloku istifadəyə verilən gündən (1997-ci il) bu günə qədər 492 milyon ton neft hasil edilib və hasil edilən neftin 287 milyon tonunu Azərbaycanın mənfəət nefti təşkil edib. Əldə olunan qazanc isə 143 milyard dollar olub. 2019-cu ilin ilk 6 ayında bu qazanc 5,16 milyard dollar təşkil edib. Hazırda Neft Fondunda 42,5 milyard dollar vəsaitin olduğunu nəzərə alsaq, deməli  "Əsrin müqaviləsi" nəticəsində əldə etdiyimiz vəsaitin 100 milyard dollarını xərcləmişik.
"Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil olunan neft 2010-cu ildə ən yüksək səviyyəyə - 40,6 milyon tona yüksəlib. Sonrakı illərdə isə ildən ilə azalmaqdadır. 2001-2018-ci illərdə neft hasilatı aşağıdakı kimi olub.
İllər Hasilat, (mln.ton)
2001 5,8
2002 6,3
2003 6,4
2004 6,5
2005 13,1
2006 23,2
2007 32,9
2008 35,9
2009 40,3
2010 40,6
2011 35,3
2012 32,9
2013 32,2
2014 31,5
2015 31,3
2016 31,1
2017 28,9
2018 28,7
 
Neft gəlirlərinin böyük bir hissəsini dövlət büdcəsinə edilən transfertlər təşkil edib.
Son 17 ildə dövlət büdcəsinin gəlirləri, Neft Fondundan dövlət büdcəsinə edilən transfertlər və transfertlərin büdcədəki payı belə olub:
 
İllər
Büdcə
Gəlirləri
(mlrd. manat)
Neft Fondundan transfert
(mlrd. manat)
Transfertin büdcədəki payı
 
2003 1,221 0,100 8,2 %
2004 1,509 0,130 8,8 %
2005 2,055 0,150 7,2 %
2006 3,867 0,585 15,1 %
2007 6,007 0,585 9,7 %
2008 10,76 3,80 35,3 %
2009 10,32 4,91 47,6 %
2010 11,40 5,91 51,9 %
2011 15,7 9,0 57,3 %
2012 17,28 9,9 57,3 %
2013 19,49 11,35 58,2 %
2014 18,4 9,34 50,7 %
2015 17,5 8,1 46,3 %
2016 17,5 7,6 43,4 %
2017 16,45 6,1 37,1 %
2018 22,15 10,97 49,5 %
2019
proqnoz
22,92 11,36 49,6 %
Bundan başqa neft gəlirləri əsasən qaçqın və məcburi köçkünlərin sosial-məişət və məskunlaşması problemlərinin həllinə, "Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilməsi" layihəsinin maliyyələşdirilməsinə, "Samur Abşeron suvarma sisteminin yenidən qurulması" layihəsinin maliyyələşdirilməsinə,  həmçinin "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib.
 

DİGƏR XƏBƏRLƏR

Top