“9 saatdan artıq maşın sürənlər ağır cəzalansın!”- YENİ TƏKLİF


Bu günlərdə Hacıqabulda Türkiyə vətəndaşının törətdiyi qəzaya sürücünün sükan arxasında yatması səbəb olub. Hadisə nəticəsində bir nəfər dünyasını dəyişib. Ümumiyyətlə, sürücülərin yuxulu sükan arxasında oturaraq qəza törətmələri haqqında mediada çox məlumat gedib. Əsasən də yüksək sürətli magistral yollarda belə hallara daha çox rast gəlinir. Belə hadisələr ağır yük avtomobillərinin iştirakı ilə daha çox qeydə alınır. Bu da təəssüf ki, qəzalarda ölüm sayının çox olmasına gətirib çıxarır.

Azərbaycanda bu baxımdan durum nə yerdədir? Sürücülərin yuxulu halda sükan arxasında oturmalarını qadağan edən qanunlar varmı?

Nəqliyyat eksperti Ərşad Hüseynov Lent.az -a açıqlamasında əvvəlcə problemin həlli üçün beynəlxalq saziş imzalandığını bildirib: “İnkişaf etmiş ölkələr hələ ötən əsrin ortalarında, kommersiya fəaliyyəti ilə məşğul olan sürücülərin yorğunluğunu, yuxusuzluğunu nəzərə alaraq beynəlxalq saziş imzalayıb. Azərbaycan da həmin sazişə qoşulub. Sazişə görə, beynəlxalq daşınmalarda iştirak edən yük maşınlarında, avtobuslarda sürücünün iş qrafikini göstərən qurğular - toxoqraflar olmalıdır. Sürücülər elektron kartı ona yaxınlaşdırır və nə vaxt sükan arxasında oturduğu, maşının hərəkəti qurğuya həkk olunur. Məqsəd odur ki, sürücü yuxulamasın”.

Ərşad Hüseynov sürücülərin sükan arxasında olma müddətləri barədə Nazirlər Kabinetinin qərar verdiyini də açıqlayıb. O, bəzi ölkələrdə uzun müddət sükan arxasında qalanlara ağır cərimə tətbiq olunmasından da danışıb: ”Azərbaycan qanunvericiliyə əsasən, sürücü bir dəfəyə 9 saat sükan arxasında otura bilməz. Ən azı 4 saatdan sonra istirahət fasiləsi olmalıdır. Ölkələrarası nəqliyyatda iştirak edən sürücülərin də fəaliyyətini yol polisləri və digər müfəttişlər toxoqraflara baxmaqla yoxlayır. Həmin qurğu vasitəsilə 1 həftəlik rejimə də baxmaq olur. Əgər ən qısa fasilələrlə hərəkət davam etməlidirsə, o zaman 2 və ya 3 sürücünün növbəli fəaliyyəti olmalıdır. Bəzi Avropa ölkələrində, qonşu İranda belə 9 saatdan artıq avtomobili idarə edən sürücüyə kifayət qədər sanballı cərimə tətbiq olunur. Bu maşınlar da yol kənarında, xüsusi meydançalarda saxlanılır, sürücü istirahətə göndərilir. Yalnız 4 saatdan sonra hərəkətə icazə verilir. Azərbaycan qanunlarına görə, beynəlxalq nəqliyyatda istifadə olunub, amma toxoqrafı olmayan avtomobillər ölkəyə buraxılmır.

Azərbaycanda da cərimə tətbiqini məsləhət görən ekspert, yollarda qəzalara səbəb olan iri yük avtomobillərindən də söz açıb: “Düşünürəm ki, Azərbaycanda da bu mexanizm tətbiq olunmalıdır. Sürücülər bilməlidir ki, toxoqraflara müdaxilə etdikdə, polisin məsələyə qarışacağını unutmamalıdır. Azərbaycandan keçən “İpək yolu”ndan istifadə edən digər ölkələr də öz vətəndaşlarını tam yoxlayaraq sükan arxasında oturmağa icazə verməlidir. Ağır tonnajlı yük maşınları üçün ayrıca zolaq çəkilməsi dünya təcrübəsində yoxdur. Bunun üçün gərək Bakıdan Gürcüstana qədər ayrıca yol salınsın”.

Hadisə ilə bağlı Hacıqabul rayon Yol Polis Şöbəsindən də açıqlama verilib. Açıqlamada Hacıqabul Yol Polisində qeydə alınan yuxulu sürücülərin törətdiyi qəzalardan bəhs olunub: “Sürücülərin yuxulu və yorğun olması qəzalara gətirib çıxarır. Ancaq həmin hallara az rast gəlinir. Yuxulu və ya yorğun sürücülər təbii ki, ölkələrarası nəqliyyatda iştirak edən sürücülərdir. Günün müxtəlif saatlarında belə sürücülərlə qarşılaşmışıq”.

İri yük avtomobilləri üçün ayrıca zolaq salınmasına gəldikdə, rayon Yol Polis Şöbəsində buna ehtiyac olmadığını bildirib. Ancaq gələcəkdə bu istiqamətdə atılacaq addımların müsbət addım olacağı bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top