Adolf Hitler Fransaya hücum etməyə hazırlaşdığı zaman ciddi problemlə üzləşmişdi. Onun qarşısında istehkamlı bunkerlərdən, müdafiə qurğularından, pulemyot yuvalarından və artilleriya nöqtələrindən ibarət 400 kilometr uzunluğunda "Majino" müdafiə xətti dayanırdı.
Qeyd edək ki, "Majino" müdafiə xətti 1929-32-ci illərdə Fransanın hərbi naziri olan Andre Majinonun təklifi ilə inşa olunub.
1936-cı ildə Hitler Almaniyanın ən böyük silah istehsalçısı olan Fridrix Kruppun zavodunu ziyarət edərək ondan "Majino" müdafiə xəttini dağıdacaq yeni silah hazırlamasını istəyir. 1937-ci ildə Kruppun mühəndisləri bu silahın hazırlanmasına başladılar və 1941-ci ildə 800 mm-lik "Dora" və "Kök Qustav" adlı iki ədəd top hazırladılar .
"Kök Qustav" adlı topun ağırlığı 1344 tona bərabər olub . Yalnız dəmir yolu xəttilə hərəkət edə bilirmiş. Dörd mərtəbəli ev hündürlüyündə olan bu topun eni 6 metr və uzunluğu 42 metrə bərabər olub. "Kök Qustav" topunu idarə etmək üçün 500 nəfərlik bir heyət ayrılıb.
"Kök Qustav" üçün iki fərqli mərmi hazırlanıb. Onlardan birinin ağırlığı 4800 kiloqram, digəri isə 7500 kiloqram ağırlığında olub. "Kök Qustav"dan atılan mərmi saniyədə 800 metr sürətlə uça bilirdi. Hədəfləri 45 kilometr məsafədə vura biləcək gücə sahib olub. "Kök Qustav"ın mərmisi partladığı zaman 10 metr dərinliyində çala əmələ gəlirmiş və 8 metr qalınlığında dəmir-beton konstruksiyaları dağıtmaq gücünə sahib olub.
İlk sınaq atışları Hitlerin iştirakı ilə 1941-ci ilin əvvəlində "Rugenvalde" təlim poliqonunda edilib. Topu bəyənən Hitler ona Krupp ailəsinin 70 yaşlı başçısı Qustav Kruppun adını verir.
Hitler "Dora" və "Kök Qustav" toplarından "Majino" müdafiə xəttini dağıdılmasında istifadə etməsədə, SSRİ ilə müharibədə bu toplardan istifadə edir. Sevastopolun mühasirəsi zamanı bu toplardan 300 mərmi atılır.
1945-ci ildə, müharibənin sonlarına doğru Sovet əsgərlərinin əlinə keçməsin deyə bu toplar partladılır.