Türkiyənin keçmiş Baş Naziri Əhməd Davudoğlu, heyəti ilə birlikdə hazırda iqtidarda olan üzvü olduğu Ədalət və İnkişaf (AKP) Partiyasından istefa verib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, AKP hökumətində 2 il Baş Nazirlik edən və AKP-nin sədri, 5 il Xarici İşlər Naziri olan Ə. Davudoğlu bu gün AKP-dən istefa etdiyini açıqlayıb.
Onunla birlikdə, AKP-yə üzv olan keçmiş millət vəkilləri Səlçuk Özdağ, Ayxan Səfər Üstün, Abdullah Başcı və AKP-nin keçmiş İstanbul nümayəndəsi Səlim Temurci də AKP-dən istefa etdiklərini bildiriblər.
Yeni bir siyasi hərəkat başladacaqlarını bildirən Ə. Davudoğlu istefasından sonra açıqlama verərək deyib: “AKP verdiyi qərarla quruluş fəlsəfəsini unudur. Artıq millətə nə fayda verəcəklər, nə də problemlərini həll edə biləcəklər. Gedən proseslərin partiyanın daxili qanununa uyğun olmadığı və əvvəlcədən sonu bilinən yazılmış bir ssenari olduğu məlumdur. AKP-ni öz keçmiş sədrini partiyadan uzaqlaşdırması kədərindən qurtarmaq üçün illərdir əmək verdiyimiz partiyamızdan istefa edirik. AKP-lilərə təşəkkür edirik, ancaq vidalaşmırıq. Əsas olan prinsiplərdir. Yeni bir siyasi yola çıxmaq bizim və millətimiz üçün tarixi bir məsuliyyət halına gəlib. Hər kəsi ortaq fikir ətrafında toplanmağa dəvət edirik”.
Qeyd edək ki, AKP Əhməd Davudoğlu ilə birlikdə istefa verən Səlçuk Özdağ, Ayxan Səfər Üstün, Abdullah Başcı, Səlim Temurci haqqında partiyadan ixrac etmə qərarı çıxartmışdı.