Deputat Almaniyada özünü yandıran azərbaycanlı haqqında: "Azərbaycana dönərsə guya nə baş verəcək?"


"Avropa ölkələrində özünü siyasi mühacir adlandırıb Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən siyasi qruplaşmalar, dəstələr Avropada hər hansı bir azərbaycanlının başına gələn istənilən hadisəyə siyasi don geyindirməyə çalışırlar".
Bu sözləri Yeniavaz.com-a Milli Məclisin deputatı Elman Nəsirov Almaniyada yaşayan Emil Bağırovun özünə qəsd etməsi ilə bağlı açıqlama verərkən deyib.
Xatırladaq ki, bu gün mətbuatda Sumqayıt şəhər sakini 34 yaşlı Emil Bağırovun Almaniyanın Hermefkeil şəhərində məskunlaşdığı qaçqın düşərgəsində üzərinə benzin tökərək özünü yandırması haqqında məlumat yayılıb. Məlumatda E. Bağırovun bu addımı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) tərəfindən sığınacaq istəyi rədd edildiyi üçün atdığı bildirilir.
E. Nəsirov buna səbəb kimi ictimaiyyətə sadəcə bir versiyanın təqdim edilməsinin birmənalı olmadığını bildirib: "Məsələdən məlumatsızam. Ancaq belə bir hal varsa bu araşdırılmalıdır. Araşdırılmalıdır ki, həmin şəxsi Almaniyada yaşadığı mühitdə belə addım atmağa nə vadar edib. Buna səbəb həmin adamın əqli problemləri də ola bilər, o mühitdə üzləşdiyi problemər də ola bilər, şəxsi həyatı ilə bağlı məsələlər və işsizlik də ola bilər. Ancaq fikir verin hazırda yeganə səbəb kimi sadəcə bu versiyanı bizə təqdim edirlər. Mən hadisə ilə bağlı bir neçə versiya üzərində iş getdiyi zaman bu hadisəyə obyektiv qiymət verərdim".
Deputat məsələnin bu cür təqdim edilməsinin anti-Azərbaycan dairələrin icad etdikləri yalan olduğunu iddia edib: "O ki qaldı Azərbaycana deportasiya məsələsinə, mənə elə gəlir ki, bəzi Avropa ölkələrində özünü siyasi mühacir adlandırıb Azərbaycan əleyhinə fəaliyyət göstərən müəyyən siyasi qruplaşmalar, dəstələr var. Onlar Avropada hər hansı bir azərbaycanlının başına gələn istənilən hadisəyə siyasi don geydirməyə çalışırlar. Məsələ araşdırılmamış, onun səbəb və motivləri rəsmi olaraq öz təsdiqini tapmamış, hüquq-mühafizə orqanları bununla bağlı yekun qərar verməmiş hadisəni bu cür qiymətləndirmək kökündən yanlışdır. Hesab edirəm ki, "Azərbaycana dönməmək üçün özünə sui-qəsd edib" ifadəsi süni şəkildə yaradılmış, həmin o anti-Azərbaycan dairələrin icad etdikləri yalandır. Ağlı başında olan normal insan belə bir addım atmaz. Bu məsələyə siyasi don geydirmək cəhdi var".
E. Nəsirov bildirib ki, Azərbaycan bu gün sabitlik və təhlükəsizlik baxımından bir çox Avropa ölkələrindən üstündür: "Azərbaycana dönərsə guya nə baş verəcək? Azərbaycan inkişaf etməkdə olan və regiondakı ən sabit, təhlükəsiz dövlətdir. Hesab edirəm ki, sabit, təhlükəsiz və hədəfləri olan, inkişafda olan bir müsəlman ölkəsinə qarşı təəssüf ki, bir çox hallarda sapı özümüzdən olan baltalar mübarizə aparırlar. Azərbaycan bu gün sabitlik və təhlükəsizlik baxımından bir çox Avropa ölkələrindən üstündür. Belə hallara siyasi don geydirmək həmin o insanın ruhuna hörmətsizlikdir. Həmçinin belə faktlardan Azərbaycan əleyhinə istifadə etmək cəhdidir. Azərbaycan cəmiyyəti, xalqımız belə yanaşmaları qəbul etmir".
 
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top