Babacan rəsmi olaraq yeni siyasi partiya yaradacağını təsdiqlədi


"Ürəyimizdən 2020-ci ilə qədər yeni siyasi partiyanın kollektivini tamamlamaq keçir. Ancaq keyfiyyət vacib məsələdir. Biz də, nə partiyanın üzvlərinin, nə də görüləcək işlərin keyfiyyəti ilə bağlı sual altında qalacaq heç nə istəmirik".
Yeniavaz.com xəbər verir ki, bu sözləri son vaxtlar yeni siyasi partiya yaradacağı iddiaları ilə gündəmə gələn Türkiyənin sabiq iqtisadiyyat naziri Əli Babacan yerli "Karar" (Qərar) qəzetinə verdiyi müsahibəsi zamanı deyib. O, qurucularından olduğu AKP-dən (Ədalət və İnkişaf partiyası) ayrılmasının və yeni partiya yaratmağının səbəbini isə belə izah edib: "İnsan haqları, azadlıqlar, çoxşaxəli demokratiya və azad məhkəmə hər zaman inandığım və müdafiə etdiyim ali dəyərlərdir. AKP bu ali dəyərlər üzərində inşa edilsə də, hər gün bu hədəflərdən bir az da uzaqlaşdı və hazırkı mənzərə ortaya çıxdı. Türkiyə üçün yenilik şərtdir. Ancaq bu yeniliyi mövcud siyasi partiyalardan birinin tərkibində etmək çox çətindir, çünki hazırkı partiyaların hamısının özünəməxsus xətti var".
Əli Babacan yeni partiya haqqında insanları ən çox maraqlandıran "Əhməd Davudoğlu və Abdullah Gül" sualına isə belə cavab verib: "Hər təbəqədən insan bu layihədə iştirak etmək üçün bizə müraciət edir. Abdullah Gül əvvəl prezident olduğu üçün tərəfsizliyini qorumaq istəyir ancaq tez-tez görüşürük və bizə dəyərli məsləhətlər verir. Əhməd Davudoğlu ilə isə dostluğumuz olsa da siyasi fikirlərimiz olduqca fərqlidir".
Keçmiş iqtisadiyyat naziri son dövrlərdə Türkiyə gündəmində əsas yer tutan Diyarbəkir, Mardin və Van vilayətlərinin bələdiyyə sədrlərinin vəzifə səlahiyyətlərinin əllərindən alınmasına və yerlərinə qəyyum təyin edilməsinə də münasibət bildirib: "Seçilmiş bir şəxsi həmin postdan sadəcə azad məhkəmənin verəcəyi qərarlar endirə bilər. Çünki xalqın verdiyi qərar demokratik ölkələrdə ən vacib amil hesab olunur".
Ə. Babacandan qəyyum məsələsinə görə ölkənin daxili işlər naziri Süleyman Soylu ilə üz-üzə gələn İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu haqqında fikirləri də soruşulub: "Əkrəm bəylə hələ ki tanış olmamışıq. Adını ilk dəfə bələdiyyə sədrliyinə namizəd olduqdan sonra eşitdim. Çox az tanınmasına baxmayaraq belə vacib postu ələ keçirə bildi. Xeyirli olsun. Ona uğurlar arzulayıram".
Babacan yardılacaq yeni siyasi partiyanın adının hələ ki seçilmədiyini, bütün proseslər tamamlandıqdan sonra müzakirə ediləcəyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top