"Neftçi"nin prezidenti: "Biz faciənin yox, üzücü bir nəticənin şahidi olduq"

"Neftçi"nin prezidenti Kamran Quliyev İsraildə "Bney Yehuda"ya 1:2 hesabı ilə uduzduqları Avropa Liqasının III təsnifat mərhələsininin cavab matçından sonra brifinq keçirib. Quliyev "Report"un oyuna ezam olunmuş əməkdaşının da suallarını cavablandırıb...

- "Neftçi"nin məğlubiyyətinə əsas səbəb nə oldu?

- Komanda oyunun hansısa hissəsinə köklənməyibsə, bu, kollektivə baha-başa gəlir. Bu turnirdə iki oyunda hər dəqiqənin dəyəri var. Avropa Liqasının I təsnifat mərhələsində bizə qarşı təzyiq var idi. Deyirdilər ki, Moldova "Sperantsa"sı zəifdir və onları mütləq keçməliyik. Komanda bunun öhdəsindən gəldi. İkinci mərhələdə isə Rusiya "Arsenal"ı rəqibimiz oldu. Onlar keyfiyyətinə, büdcəsinə və çıxış etdiyi çempionata görə bizdən üstündür. Komanda matçlara var gücünü sərf etdi. "Bney Yehuda" ilə görüşlərdə isə kollektiv psixoloji cəhətdən o məsuliyyəti dərk edə bilmədi. Əsas məsələ də məhz budur. Statistikaya nəzər salmaq istəmirəm. Amma birinci və ikinci matçda top 70 faiz bizdə idi. Müdafiə baxımından çox yaxşı təşkil olunmuş komandaya qarşı oynadıq. Olar bilər ki, futbolçularda psixoloji hazırlıq çatmadı.

- İsraildəki görüşdə son ana qədər yaxşı nəticə olacağını gözləyirdik. Baş məşqçi isə birinci görüşlə müqayisədə kreativlik edə bilmədi. Bunun səbəbini nədə görürsünüz?

- Ümumiyyətlə, Avropada "avtobus müdafiəsi" ifadəsi mövcuddur. Avtobusu qurmağı bacaran baş məşqçi varsa, lazım olanda onu qura bilir. O sıxlıqda olan müdafiəni yarmaq çox çətin idi. Belə komandalarla oynamaq ümumiyyətlə çətin olur. Səbəb isə tək bu deyil. Komanda psixoloji cəhətdən daha hazır olsa, nəsə etmək olar. "Arsenal"la matçdan bir həftə sonra oyuna çıxdıq. Hardasa hazırlıq dönəmində boşluqlar var idi. Amma İsrail klubuna qarşı oynamaq və qələbə qazanmaq lazım idi.

- "Neftçi" qapanan komandalara qarşı Roberto Bordinin rəhbərliyi altında oynaya bilmir...

- Çətindir. Beşli müdafiə fərqli ola bilər. Belə komandaları həm udmuşuq, həm də məğlub olmuşuq. Bu, futboldur.

- Bordin istədiyi heyəti qura bilmişdi. Rəhbərlik də onun istəklərini yerinə yetirdi...

- Daha öncəki müsahibəmdə qeyd etmişdim ki, biz transfer məsələlərini hələ yekunlaşdırmamışıq. Buna baxmayaraq, hər futbolçunu komandaya dəvət edə bilmərik. Bizə güc qatan, səviyyəmizi qaldıran oyunçu axtarırdıq və indi də axtarışlar davam edir. Qismət olsa, yeni oyunçu cəlb edəcəyik. Transfer işlərini yekunlaşdırmamışıq. İndi isə oyunçu almaq daha çətindir. Çempionatlar başlayıb. Kimisə gətirmək naminə heç kim bura futbolçu gətirməyəcək. Hesab edirəm ki, yayın əvvəlində etdiyimiz transferlər bu komandanın keyfiyyətini 20-30 faiz artırıb. Biz faciənin yox, üzücü bir nəticənin şahidi olduq.

- "Neftçi" avrokuboklarda nəyi hədəfləyirdi?

- Bizim üçün ən minumumu "Sperantsa" səddini keçmək idi. Onu da bacardıq. Lakin "Arsenalı məğlub edəndən sonra iştahımız açılmışdı. Çünki irəlidə "Bney Yehuda", ondan sonra "Malmö" klubu var idi. Azarkeşlər, biz və futbolçular üçün qrup mərhələsinin qapısı göründü. Amma ikili oyunlarda hər şey ola bilər. "Arsenal"ı keçə, "Bney Yehuda"ya isə uduza bilərik. Bizim üçün çox üzücüdür. İlk iki mərhələdəki oyunlarda azarkeşlərimiz 5000 km-ə yaxın yol gedərək, xaricə səfər etdilər. Həmin səfərlərdən isə qələbə ilə qayıdıblar. 6 oyuna görə onların hamısına təşəkkür etmək istəyirəm. Bizə son nəfəsə qədər dəstək oldular. İnanmaq istəyirik ki, "Neftçi" daha da güclü olacaq. Yenə qeyd etmək istəyirəm ki, bu, bizim üçün faciə deyil. Amma daha da yaxşı ola bilərdi.

- Məğlubiyyətdən sonra sosial şəbəkələrdə bəzi müzakirələr başlayıb. Azarkeşlər hesabat tələb edirlər və baş məşqçinin getməsini istəyənlər də var. Bu, sizin üçün nə dərəcə önəmlidir?

- Komandanın içində hansı proseslər getməlidirsə, onlar baş verəcək. Bu məsələyə bütün prizmalardan baxılacaq. Məşqçilər korpusu, idman direktoru, hətta futbolçularla da görüşümüz olacaq. Çünki ayın 19-u yerli çempionatda ilk oyunumuzdur. Bu, sırf komandanın daxilində olan proseslərdir. Avropa Liqasında 6 oyun keçirdik. Yalnız sonuncu matçda minimal hesabla məğlub olduq. 4 qələbəmiz var, çoxlu qol vurmuşuq və insanları sevindirmişik. İndi hamı bu məğlubiyyətə görə narazı ola bilər. Azarkeşin haqqı var, lakin komandaya dəstək olmaq lazımdır. Həyat dayanmır, futbol davam edir. Biz nəyisə öyrənmişik və boşluqları görmüşük. Bütün bunların üzərində işləməliyik.

- Avrokuboklardakı çıxışa görə Roberto Bordinin işinə necə qiymət verərdiniz?

- Ötən ilə görə ümumiyyətlə qiymət vermək istəmirəm. Çünki bu, fiasko idi. "Uypeşt"i evdə 3:1 hesabı ilə məğlub etdikdən sonra səfər matçına başqa cür hazır olmalıdı idik. Baş məşqçi bu il minimum qoyulan planın öhdəsindən gəldi. Birdən-birə onu günahkar hesab etmək olmaz. Hamımız günahkarıq. Qələbə qazananda hamının qələbəsi olursa, məğlubiyyətdə də belə olmalıdır. Bəlkə də, rəhbərlik tərəfindən oyunçulara lazımi sözlər çatmayıb, baş məşqçinin işi düzgün qurulmayıb. Həmişə futbolçuları qınamaqdan uzaq durmuşam. Biz nə qədər çalışsaq da, meydanda onlar mübarizə aparır. Ən çox onlara dəstək olmağa çalışırıq. Bu dəfə alınmadı. Onlar peşəkar insanlardır və özləri anlayacaqlar.

- "Neftçi"də olduğunuz müddət sizin özünüz üçün də böyük təcrübə olub. Təcrübəyə əsasən flaqmanın növbəti mövsüm üçün hədəf və gözləntiləri nədir?

- Biz birinci yer uğrunda mübarizə aparacağıq. Burada başqa bir məqsəd ola bilməz. Məqsəd birinci yeri tutmaq və ölkə kubokunu qazanmaqdır. "Neftçi"nin qarşısına hansısa məqsəd qoymaq anormal olar.

- Roberto Bordin oyundan sonra bildirdi ki, komandada bəzi dəyişikliklər etmək lazımdır. Baş məşqçi nəyi nəzərdə tuturdu?

- Bəzilərinin fikrinə görə ehtiyat oyunçular skamyamızda əsas heyətdə oynaya biləcək futbolçularımız var. Bizim skamya yaxşıdır. Hansısa mövqedə futbolçu tapşırığı yerinə yetirə bilmir və zəif çıxış edirsə, onun yerinə oyunçumuz var. Ön xətdə istənilən futbolçunu əvəzləmək olar.

- "Bney Yehuda" ilə görüşlərdə psixoloji hazırlığın qaydasında olmadığını qeyd etdiniz. Bunun növbəti dəfə təkrarlanmaması üçün nə etmək lazımdır? Komanda "Arsenal"ı udur, amma ondan zəif olan kollektivə məğlub olur...

- Futbolda konkret yazılmış qaydalar yoxdur. 10 ildir ki, futboldayam. Yəqin ki, bir yolunu tapacağıq. Çempionat bizim üçün 3 gündən sonra başlayır. Komanda məsuliyyəti dərk edir. Futbolçuların qarşısına böyük hədəflər qoyulub. "Uypeşt" məğlubiyyətindən sonra hamı pis vəziyyətdə idi, bir söz tapa bilmirdik. Burada məğlub olduq və bu, üzücüdür. Kollektivə dəstək lazımdır. Azarkeşlər dəstək olmalıdırlar. Rəhbərlik öz işini görəcək. Biz "Bney Yehuda"dan cəmi bir top az vurduq. III mərhələdə zəif rəqib yoxdur. UEFA klubları mükafatlandırır və klublar var gücünü qoyur ki, mərhələ adlaya bilsin. İsrail çempionatı yarım pillə, bəlkə də bir pillə bizim Premyer Liqadan öndədir. Ən azından komanda sayına görə bunu demək olar. Bizim çempionatda da güclü kollektivlər var.

- Ötənilki "Neftçi" ilə bu ilki komanda arasında fərq var?

- Əlbəttə. Mən inanmıram ki, keçənilki komanda "Arsenal"ı məğlub edər bilərdi. Bunu bilmək və anlamaq üçün məktəbə gedib, futbol dərsi öyrənməyə ehtiyac yoxdur. Görünürdü ki, komandamız böyüyüb. Bu yöndə hələ də işlər gedir.

- Çempionatda yenə "Qarabağ" - "Neftçi" savaşı olacaq? Bəzi klublar artıq demək olar ki, zəifləyiblər...

- Bu barədə heç nə deyə bilmərəm. Bir neçə il əvvəl "Sumqayıt"da işləyirdim. Komanda birinci yer uğrunda mübarizəyə qoşulmurdu. İkinci və üçüncü yerlər uğrunda yarışırdı. Bu dəfə hansı komanda "Qarabağ"a və ya "Neftçi"yə rəqib olacaq onu Allah bilir. Bəlkə 2-3 turdan sonra o suala daha asan cavab verdim. Bütün komandalara uğurlar arzulayıram. Çempionat başlayır. Bu münasibətlə azarkeşləri təbrik edirəm. Ən azından həftəsonu gəlib oyunlara baxsınlar, komandalarını dəstəkləsinlər. "Arsenal"la oyunun 80-cı dəqiqəsindən sonra bizim azarkeşlər telefonlarının işıqlarını yandırmışdılar. İnanmaq istəyirəm ki, bunu çempionat oyunlarında da nə vaxtsa, görəcəyəm. Çox möhtəşəm bir şey idi. Futbolçulara da güc gəlir, futbolumuza da maraq artıq. İstəyirəm ki, çempionat oyunlarına da insanlar gəlsinlər və tribunaları doldursunlar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top