Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi Türkiyənin Zeytinburnu sahillərində hələlik bilinməyən səbəbdən Liberiya bayrağı altında üzən “Doric Warrior” gəmisi ilə toqquşub. Yeniavaz.com DHA-ya istinadən xəbər verir ki, yaralanan olmasa da, gəmilərə ciddi maddi ziyan dəyib.
Yerli vaxtla 22.30-da Rusiyaya gedən “Məmməd Əmin Rəsulzadə” gəmisinin kapitanı "Batırıq" deyə sahil təhlükəsizlik xidmətindən yardım istəyib.
Hadisə yerinə Sahil təhlükəsizlik Xidməti və İstanbul Dəniz Limanı Şöbə müdirliyinin xilasediciləri cəlb edilib. İlkin baxış zamanı gəmilərin batma təhlükəsinin olmadığı və dəniz kirliliyinin müşahidə edilmədiyi müəyyənləşib.
Xatırladaq ki, Mübariz Mənsimovun rəhbərlik etdiyi “Palmali” şirkərlər qrupuna aid “Məmməd Əmin Rəsulzadə” gəmisi keçən həftə xüsusi törənlə açıq dənizə buraxılmışdı.