Rusiya yeni raket sınaqlarında az qala ikinci “Çernobıl” faciəsini yaşayıb


ABŞ Kəşfiyyat strukturları Rusiyanın Arxangelsk vilayətinin Severodvinsk şəhəri yaxınlığındakı baş verən partlayışla bağlı öz versiyasını irəli sürüb.

Bu barədə “The New York Times” qəzeti məlumat yayıb. Qəzetin məlumatına əsasən, insident barədə Rusiya tərəfinin israrlı susqunluğu Vaşinqtondakı analitiklərin diqqətini cəlb edib. Onların fikrincə, Rusiya yeni silahlanma proqramına texnoloji cəhətdən hazır deyil və çox zəifdir. ABŞ kəşfiyyatının məlumatlarında partlayışın “Burevestnik” tipli alçaqdan uçan, qitələrarası raketin (NATO-dakı kod adı SSC-X-9 Skyfall) elementlərinin sınaqları zamanı baş verdiyi göstərilib. Bu raketlər kiçik qabaritli nüvə qurğusu ilə təchiz olunmalıdır.

Rusların iddia etdiyi kimi, “Burevestnik”in xarakteristikası onu ABŞ-ın Alyaska və Kaliforniyadakı raket-əleyhinə müdafiə sistemləri üçün əlçatmaz edir. Onların hesablarına əsasən, bu tip raketlərin qurulması heç ABŞ kimi yüksək texnologiyalara sahib dövlətin gücündə deyil. Lakin ABŞ ekspertləri bu məsələdə Rusiyanın “blef” etdiyi düşüncəsindədirlər.

Məlum olduğu kimi, bu ilin avqust ayının 8-də baş verən hadisə zamanı RF Müdafiə nazirliyinin iki mütəxəssisi və Ümumrusiya eksperimental fizika institutunun 5 əməkdaşı həlak olub. Rusiya hərbi rəhbərliyi faciənin detallarını açıqlamaqdan imtina edib. Lakin ekspertlər insidentdən sonra Severodvinsk şəhərində radiasiya fonunun artdığını müəyyənləşdiriblər. Nəticədə Arxangelsk apteklərində radioaktiv şüalanmanın təsirini azaldan yod satışları ciddi surətdə artıb.

Doğrudur, bununla bağlı informasiyalar sonradan təkzib olunub. Arxangelsk vilayətinin qubernatoru İqor Orlov partlayışdan sonra radiasiya səviyyəsinin artmadığını bildirib.

Buna baxmayaraq Vyanada yerləşən “Nüvə sınaqlarının tamhəcmli qadağan edilməsi haqqında Saziş üzrə Komissiya” partlayışdan sonra həm seysmik, həm də infrasəs aktivliyin olduğunu qeyd edib.

Bundan başqa, elə həmin gün Severodvinsk yaxınlığındakı, Rusiya Hərbi-dəniz qüvvələrinin Nenoksa rayonunda yerləşən 45 saylı Mərkəzi dəniz sınaq poliqonunda nüvə tullantılarının yığımı və basıdırılması işini görən “Serbryanka” adlı tankerin üzdüyü görülüb.//musavat.com

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top