Hacı İsmayılov: "Vaxt ötdükcə insanlar kimin yaxşı, kimin pis aktyor olduğunu biləcəklər" - MÜSAHİBƏ


Köhnə Azərbaycan filmləri illər ötsə də hələ də sevilir. Güclü kamera, kompüter olmadan çəkilən filmlərin qəlblərdə yer etməsinin sirri, bəlkə də aktyorların öz işlərinə həddən artıq sevgi ilə yanaşmasında gizli idi. Xalq artisti Hacı İsmayılov da onlardan biridir. Filmlərində "Mustafa müəllim" obrazı ilə kiçikdən böyüyə hər kəsi bəzən kədərləndirdi, bəzən də güldürdü. O, klassik Azərbaycan filmlərinin son qalan ulduzlarındandır desək yəqin ki yanılmarıq. Hacı müəllimlə söhbətimiz olduqca maraqlı oldu. Onunla həm köhnə filmlərdən, o günlərin maraqlı xatirələrindən, həm də yeni nəsil gənc aktyorlardan və sosial şəbəkə fenomenlərindən danışdıq.

Yeniavaz.com 
Xalq artisti Hacı İsmayılovla müsahibəni təqdim edir:

- Hacı müəllim, bu yaxınlarda 75 yaşınızı qeyd etdiniz, "Şöhrət ordeni " ilə təltif olundunuz.  Bularla bağlı  hansı ab-havanı, sevinci yaşadınız?
- Bu il mənim üçün çox əhəmiyyətli, çox sevindirici oldu. Teatrda tamaşaların çoxunda iştirak edirəm. Onu da qeyd edim ki, mən , həmçinin,  Azərbaycan Teatr Xadimləri İttifaqı sədrinin müaviniyəm. Eyni zamanda Akademik Milli Dram Teatrında da çalışıram. Orada yaxşı tamaşalarımız olur.  Klassik, müasir, rus tamaşaları oynayırıq. Teatr mənim həyatım, filmlər isə sevgimdir.

- Bir çox məşhur filmlərdə oynamısınız, sizin üçün unudulmayanı hansılardır?
- Mən filmlərə təsadüfən çəkilmişəm. O vaxtlar nəhəng aktyorlara baxanda fikirləşirdim ki, mənim kinoya çəkilməyim yəqin ki, alınmaz.  Ancaq 1976-cı ildə rejissor Rasim Ocaqov "Ad günü" filmini çəkəndə məni filmin foto və lent sınaqlarına çağırdı. Sınaqlardan uğurla çıxdım və məni filmdə Mustafa roluna dəvət elədi. Ssenarini oxuyandan sonra sanki, başqa bir insanın ruhu ilə dünyaya baxmağa başladım. Görünür Mustafanın xarakteri üstümə hopmuşdu. Film çox yaxşı alındı.  Məlumat üçün deyim ki, o filmi  ilk dəfə izləyən Heydər Əliyev olub.

- "Həm ziyarət , həm ticarət" də oynadıqdan sonra çox adam elə bildi ki, siz, doğrudan da, şəkilisiniz... 
- O  filmlər çəkilməzdən qabaq Şəkiyə qastrol səfərlərinə gedirdim. O vaxtdan Şəkini sevməyə başlamışdım.  Şəki ləhcəsində danışmaq üçün  ayrıca çalışmamışam. Orda olduğum müddətdə insanlarla ünsiyyət quraraq ləhcəni öyrənirdim.
"Həm ziyarət , həm ticarət" filminin ilk epizodları Şəki Xan Sarayında çəkilib. Onda bəzi sözləri Şəki ləhcəsində deyə bilmirdim. Rasim müəllim həmin epizodu 10 dəfəyə çəkə bildi. Həmin  filmdə güzgü epizodu da maraqlıdır. Mən orda Rasim müəllimdən xahiş elədim ki, gəlin, televiziyada çıxış edirmiş kimi saçım köynəyim, pencəyim yerində, ancaq əynimdə şalvar olmasın. O kadrı Rasim müəllimə mən təklif elədim və  izləyicilər tərəfindən də çox maraqla qarşılandı.

- Şəki ləhcəsi sonradan aksentinizə təsir etmədi ki?
- Şəki ləhcəsi mənə yapışıb qalmışdı. Bəzən özüm də hiss eləmədən xarici filmlərin səsləndirməsində Şəki ləhcəsində danışırdım. Bunu eşidən kimi mənə irad tutub deyirlər ki, Hacı müəllim Şəki ləhcəsində danışmayın, bu axı xarici filmdi.
Şəki mənim üçün doğma yerdir, orada mənim çox sevdiyim, həyatımın ən gözəl filmləri çəkilib. Xüsusilə Xan Sarayının həyəti hələ də yadımdadır. Bu yaxınlarda eşitdim. Oradakı qocaman ağaclardan birinin budağı qopub, turistlərin üzərinə düşüb. Çox pis oldum. "Həm zəyarət, həm ticarət" filminin ilk səhnəsi ,məhz, o ağacın altında çəkilib.

- Ailə həyatınız barədə məlumat verməyinizi xahiş edərdik...
- Bir oğlum, bir qızım, 3 nəvəm var. Ailəmdə məndən başqa teatra, filmə həvəs göstərən olmayıb. Ancaq, balaca nəvəm Nigar oxumağa, oynamağa çox həvəslidir. Ola bilsin gələcəkdə filmlərə,  musiqiyə həvəs sala bilər.
Mən isə  lap uşaqlıq illərimdən aktyotluğa həvəsli idim. İdmanla məşğul olmağı da sevirdim. Ancaq aktyorluq bütün istəklərimə qalib gəldi. Biz İçərişəhərdə yaşayırdıq.  Mən orada "O olmasın, bu olsun"  və digər  filmlərin çəkilişlərini görmüşəm. Bəlkə də o çəkilişlər mənə film sənətini sevdirib.

- Hacı müəllim, niyə indi köhnə filmlər kimi əsərlər ortaya çıxmır?
- Azərbaycan filminin tarixi çox qədimdir. O illərdə özünü filmlərə həsr edən adamlar vardı, işlərini sevərək görürdülər.  Ona görə, filmlərimiz çox sevildi. O günlər yaddan çıxan günlər deyil. Mən demək olar ki, bütün görkəmli aktyolarla oynamışam. Həyatımın ən mənalı günləri də məhz o günlər idi. Özümü çox xoşbəxt sayıram ki, o cür insanlarla filmlərə çəkilmişəm. İndi də yaxşı filmlər var. Ancaq  film çəkərkən insanların istəyini nəzərə almaq lazımdır. İnanıram ki, bizim filmlərimiz daha yuxarı pillələrə çıxa bilər. Baxın, bizim muğamımız musiqimiz artıq bütün dünyada tanınır, sevilir. Yəqin ki, dövlətimiz kino  sənəti ilə bağlı da  mühüm addımlar atacaq.

- Yeni aktyorlar, filmlər haqqında nə düşünürsünüz?
- Son vaxtlar yeni filmlərə dəvət almıram. Seriallara da həvəsim yoxdur. Çünki, vaxt tapıb gündəlik çəkilişlər edə bilmirəm, işim çoxdur. Ancaq bədii filmlərə çəkilmək istəyirəm. Baxmayaraq ki, bəzi yeni filmlərdə rol almışam,  amma, istərdim ki, baş rollara çəkilim. Mən aktyor kimi üzərimə daha çox yük götürmək istəyirəm.

- Nə üçün ölkəmizdə əvvəlki qədər güclü aktyorlar yetişmir?
- Su gələn arxa birdə gələr. Azərbaycanlılarda yaxşı aktyor olmaq potensialı var. İnanıram ki, yaxşı aktyorlar yetişəcək. Ancaq vaxt keçdikcə ağıllı, düşünən insanların sayı azalır. Bəlkə də səhv  deyirəm, ancaq, telefon, kompüterinsanları düşünməkdən uzaqlaşdırır.

- Müasir Azərbaycan filmlərində nəyi dəyişmək istərdiniz?
-Yeni Azərbaycan filmlərində ən çatışmayan cəhət ssenaridir. Yaxşı ssenarilər olsa, film də yaxşı olar. Əvvəllər senarini müəllif yazır, sonra rejissor ssenariyə baxıb bəzi şərhlər edirdi. İndi elə deyil. Müasir dövrdə texnologiya inkişaf edib, çəkilişlər üçün hər cür şərait var. Bax, bu dəqiqə mən yaxşı ssenari gözləyirəm. Maraqlı  ssenari gəlsin, oxuyub fikirlərimi deyim, sonra filmlərə çəkilim.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi?
- Sosial şəbəklərə çox meylim yoxdur. Orada çox lazımsız, xeyirsiz informasiyalar olur. Desəm ki, mənim kompüterim yoxdur, bəlkə də inanmazsız. Bir dəfə aldım, elə də qaldı, işlətmədim.

- İndi çoxları aktyorluğu ,hansı yolla olur olsun, güldürmək kimi başa düşür. Bu barədə nə deyə bilərsiniz? 
- Çarli Çaplin özü heç vaxt gülməyib. Ancaq onun filmlərinə baxan hamı gülür. Ona görə indi güldürməyi ucuz tutmamaq lazımdır. Gülüş vəziyyətin özündən doğulmalıdır. Mirzə Ələkbər Sabirin yaxşı bir sözü var: "Çalxalandıqca, bulandıqca zaman nehrə kimi, yağı yağ üstə çıxır, ayranı ayranlıq olur". Vaxt, zaman hər şeyi həll edəcək. İnsanlar biləcək ki, kim yaxşı, kim pis aktyordur.

- Hacı müəllim, musiqini sevirsinizmi, kimlərə qulaq asırsınız?
- Musiqini həm çox sevirəm ,həm də yaxşı başa düşürəm. Azərbaycanda Rəşid Behbudov,  Müslüm Maqomayev, Emin Sabitoğlunu kimi insanlar yetişib. Onlar elə bir musiqi ortaya çıxarıblar ki, dünyada 5 ölkənin seçilən musiqisi varsa, onlardan biri Azərbaycan musiqisidir. Hazırda isə oxuyanlar çoxalıb, müğənnilər azalıb. Musiqi insanlığa bir bəzəkdir, gözəllikdir. Təzə müğənnilərə də qulaq asıram,  ancaq heç biri mənə köhnələr qədər təsir etmir. Yeri gəlmişkən qeyd edim ki, mənim yaxşı səsim vardı. Yaxşı müğənni də ola bilərdim. O vaxtlar hind filmlərinin mahnılarını çox yaxşı oxuyurdum. Mən İçərişəhərdə böyümüşəm. Uşaqlıq illərimdə qonşular anama deyirdilər ki, sənin oğlun o qədər mahnı oxuyur ki, axırda müğənni olacaq. İndi İçərişəhərdə bizim evin yerində İtaliya səfirliyidir. Hərdən ordan keçəndə köhnə günləri xatırlayıram. Uşaqlıq dövrü insanın ən yaxşı dövrüdür. Qurban olduğum Allah insanlara elə bir təfəkkür verib ki, yaxşı günlərin dəyərini sonradan bilirsən.

- Yəqin ki, televiziya verilişlərini izləyirsiniz. indi bəzi ölkələr teatr tamaşalarını televiziyalarda da yayımlayır.
- Bu cür tamaşaların çəkilməsində, yayımında gərək televiziyalar həvəsli olsunlar. Düzdür,  Aztv-də, qısa da olsa, teatr tamaşaları yayımlanır. Ancaq təbii ki, daha çox tamaşalar yayımlanmalıdır.

- Hacı müəllim, idmanı çox sevirsiniz, Azərbaycan futbolu haqqında nə deyə bilərsiz?
- Mən heyiflənirəm ki, biz 5-6 ilimizi alman məşqçi ilə itirdik. Niyə, biz Messi, Ronaldo kimi futbolçu yetişdirə bilmirik. İdmanın başqa sahələrində yaxşıyıq, ancaq futbola çatanda ilişib qalırıq. Görəsən bizimkilər dünya futboluna baxmırlar?  Qoy onlar məndən inciməsinlər, Azərbaycan futboluna baxanda əsəbiləşirəm.


Ruslan Yusibov
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top