Əngəlli olmaq hər şeydən məhrum olmaq demək deyil - FOTOLAR


Ümidsizlik insanı uçuruma aparar. Bu xəstəliyin əsas səbəblərindən biri əlimizdəkilərin dəyərini bilməməkdir. Bəzən başımıza gələn müsibətlərlə, bəzən də başqalarından gördüyümüz ibrətamiz hadisələrlə anlayırıq ki, xoşbəxt olmaq üçün kifayət qədər səbəblər var. Həmin səbəbləri isə təbii ki, hər insan görə bilmir. Bu yazımızda həyatda ağır sınaqlara çəkildikləri halda əzmlə yaşayan kimsələrdən danışacağıq. Onların dünyasında bizə həyatı sevdirəcək "hər şeyə rəğmən yaşamağa dəyər" deyəcəyimiz bir çox ibrətlər var.
 
39 yaşlı Xalid Səmədov Şəki Rayon Baş Göynük kənd sakinidir. Evlidir, 3 övladı var. 2006-cı ildə keçirdiyi ağır yol qəzası nəticəsində yerimə qabiliyyətini itirib. O vaxtdan bu günə müxtəlif çətinliklərlə üzləşsə də əzmkarlıqla öz həyatını davam etdirir. “Boş oturmağı heç sevmirəm”deyən Xalid, ayaqlarının tutulmasına baxmayaraq bir çox işlə məşğuldur. Həm sürücülük edir, həm də usta kimi fəaliyyət göstərir. Qonşuları deyir ki, evimizdə hansı məişət əşyası xarab olsa Xalidin yanına gedirik. Televizor, maqnitafon, ütü və sair elektrik avadanlıqlarını təmir edir, ehtiyac olan hər hansı ləvazimatı da qaynaq vasitəsilə hazırlayır. Məsəl üçün başqa aparatlardan sökdüyü parçaları özünəməxsus şəkildə birləşdirərək otbiçən maşın düzəldib. Təbii ki, ancaq əllərin köməyi ilə bu cür işlər görmək çox çətindir. Ancaq insan çalışdıqca, əziyyət çəkdikcə bir çox şeyin öhtəsindən gələ bilir. Razılaşaq ki, bədənimizin ən cüzi bir yeri nasaz olanda sanki, bütün həyatımıza mənfi təsir göstərir. Edəcəyimiz işi də yarımçıq qoyub, sağalmağımızı gözləyirik. Bəzən də həyatdan əlimizi üzüb bədbinliyə qapılırıq. Ancaq unutmamalıyıq ki, insan istəyərsə, çalışarsa Uca Allah ona hər cür xeyir qapılarını açar. Xalid buna ən yaxşı nümunələrdəndir.

 

Maşını əlləri ilə idarə edir

Xalid Səmədov aldığı Vaz 2106 markalı maşının pedallarına bəzi parçalar quraşdıraraq əllə idarə olunacaq vəziyyətə gətirib. O, artıq 10 ildən çoxdur ki, avtomobilini ancaq əlləri ilə idarə edir. İstədiyi hər hansı bir yerə də rahatlıqla gedib gələ bilir. Xalid Səmədov boş vaxtlarında maşını ilə taksi kimi də fəaliyyət göstərir. Sürücülük və ustalıqdan qazandığı pulla ailəsinə baxır, bütün çətinliklərə baxmayaraq həyatına normal şəkildə davam edir. Qonşuları deyir ki, bir yerə getmək lazım olduğunda Xalidə müraciət edirik. Ayaqlarının işləməməsinə baxmayaraq, diqqətli sürməsi ilə insanların etimadını qazana bilib.

  

Ayağa qalxması üçün külli miqdarda pul lazımdır

Müsahibə zamanı Xalid Səmədov dedi ki, sağalması üçün müxtəlif həkimlərə müraciət edib. Ancaq hara getsə onurğa sütununun əməliyyəti üçün yüksək məbləğdə pul istəyiblər. Həkimlər deyir ki, Xalidin ayağa qalxması üçün təxminən 35 min manat pul lazımdır. Bu məbləğ kimisi üçün çox böyük, kimisi üçün isə bəlkə də bir neçə günlük xərclikdir. Uca Allah Quranın Əraf surəsi 31-ci ayəsində buyurur ki: “...yeyin için, ancaq israf etməyin. Çünki, Allah israf edənləri sevməz.” Müqəddəs kitabın digər surələrində də belə ayələrlə rastlaşa bilərsiniz. Ancaq bir çox insan Quranı, Allahın əmrlərini unudaraq qəflətdə yaşamağa davam edir. Diqqət etsək varlı adamların boş-boş şeylərə israf etdiyi pulla bir çox Xalid kimi insan ayağa qalxar, öz sağlamlığına qovuşar. Düzdür, yaxşı insanlar hələ də var, ancaq göründüyü kimi həddindən artıq azdır.

  

Ludviq van Bethoven, Pablo Pikasso kimi dahilər də əngəlli olublar

Dünyada bir çox məşhur insan var ki, müxtəlif əngəlləri olmasına baxmayaraq qeyri-adi işlərə imza atıblar. Bu kimi səbəblərdən heç vaxt unutmayaq ki, əngəlli olmaq hər şeydən məhrum olmaq deyil. Məsəl üçün dünyanın ən məşhur bəstəkarlarından biri Lüdviq van Bethoven 1801-ci ildə eşitmə problemləri yaşamağa başlayıb. 1817-ci ildə isə tamamən kar olub. Çox maraqlıdır ki, xüsusən 9-cu simfoniyanı kar olduqdan sonra yazıb. Digər bir əngəlli dahi isə Pablo Pikassodur. 20-ci əsrin ən məşhur rəssamı sayılan bu şəxs İspaniyada dünyaya gəlib. Həyatının ən dolğun çağlarında miqren xəstəliyinə tutulub. Əsas əlamətləri şiddətli baş ağrıları və görmədə anormallıqlar olan bu xəstəliyə baxmayaraq, rəssam fəaliyyətinə davam edib.Təsəvvür edin, normal insanlar kimi görə bilməyən bu şəxs çəkdiyi rəsm əsərləri ilə dünyanın ən məşhur rəssamları sırasına daxildir. Bu siyahının ən başında isə fikrimcə Stiven Hokinq gəlir. O, hələ gənc yaşlarında ALS xəstəliyinə tutulur və üzündəki bir neçə əzələ xaricində bədənində heç yeri işləmir. Hoking hətta danışmaq qabiliyyətini də itirir. Ancaq, ömrünün sonuna qədər xüsusi kompütet vasitəsilə fikirlərini ifadə edərək dünyanın ən məşhur fiziklərindən birinə çevrilir. Bu şəkildə yazdığı kitablar isə bestseller olur.
 
Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top