"Cəhalət yığını olan insanların böyük əksəriyyəti qadınlardır" - Deputat

“Mollabacılar, falçılar, cəhalət yığını olan insanların böyük əksəriyyəti də qadınlardır”.

Bu sözləri millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa “Qadın Liderliyi Uğrunda” İctimai Birliyinin “Qadınların radikal dini cərəyanlar barədə maarifləndirilməsi mövzusunda tədbirlərin təşkili” layihəsi çərçivəsində keçirilən “Radikal dini cərəyanlar: Qadınları onların təsirlərindən necə qorumalı?” mövzusunda ictimai müzakirə zamanı deyib.

Millət vəkili qeyd edib ki, biz baxmalıyıq, nə qədər qadın radikal dini cərəyanlara qoşulur, nə qədəri cəhaləti, xurafati ehtiva edən dini cərəyanlara qoşulur. O, Azərbaycanda hicab dəbinin olduğunu, bunun da öz-özlüyündə dini təhrif etdiyini vurğulayıb.

“On minlərlə qadın, Gürcüstandan tutmuş, Gəncədən tutmuş imamzadələrdə, pirlərdə gününü keçirir, başını qatır. Əsl təhlükə budur. Radikal cərəyanlara qoşulanları saxlamaq, həbs eləmək, bir şəkildə islah etmək mümkündür, çünki sayları azdır. Amma bu cür cahil kütlələrin qarşısını almaq çox çətindir. Bunun üçün ilk növbədə sağlam dini təhsilin verilməsi vacibdir” – deyən deputatın fikrincə, qadınlara dini doğru öyrətmək lazımdır ki, gedib başqa təsirlərə düşməsinlər.

“Azərbaycanda təhsil almayan qadın qalmamalıdır. Bizim 200 illik məğlubiyyətimizin səbəbi odur ki, Azərbaycan qadınının 50%-i savadsızdır. Bunda qadınlarımızın günahı yoxdur. Çünki onların iqtisadi azadlığı, ailə içində hüquqları yoxdur və öz hüquqlarını qorumaq üçün cəmiyyətin yalançı tabularına tabe olmaq məcburiyyətində qalırlar” – deyən Mustafa əlavə edib ki, 20-ci əsrin əvvəllərində bir qız məktəbinin açılması ilə qadın intibahı baş verib. İndi isə qızlarımız mənasız universitetlərə gedib-gəlir, amma özünü peşəkar mütəxəssis kimi hazırlaya bilmir.

Deputatın fikrincə, peşə məktəbləri strukturu formal xarakter daşıdığı üçün, qızları ora da yönləndirmək olmur. Ona görə də bütün diqqət qadınların iqtisadi müstəqilliyinə yönəldilməlidir. Ailələrin dağılmasının da, qadının mütiliyinin də, cəmiyyət həyatına qatıla bilməməyinin də kökündə o durur.

“Bir dəfə gördüm ki, cənub bölgəsində yas məclisində qadınlar sıraya durub, mollabacı salavat çevirir və salavatın biri 1 manatdır.” – deyən Fazil Mustafa dini təhsilin savadlı bir şəkildə hazırlanmasının vacibliyini dilə gətirib.

O, həmçinin qeyd edib ki, islamda qadın döymək yoxdur, amma bütün müsəlman dünyasında qadın döymək adi bir məsələdir.

“İslam qadına vərəsəlik hüququ verib, halbuki dünyada bundan beş yüz il sonra da qadına vərəsəlik hüququ verilməmişdi. Amma bu boyda dini gətirib “qadını necə bağlayaq” səviyyəsinə çıxarıblar. Qadın özünü hər hansı təhlükədən qorumaq üçün qapalı geyinə bilər. Bağlı geyim bunun üçün nəzərdə tutulub. Amma əgər qadına hansısa formada təhlükə yoxdursa, onun qapalı geyinməsi də məcburi deyil. Bağlı geyimlər qadını kölə və təcrid etmək məqsədilə düşünülməyib” – deyən deputat hesab edir ki, qadınları “ələmin dalında durmaq”dan, “qaloş piri”nə getməkdən çəkindirməyin yollarını axtarmalıyıq. 

Modern.az

DİGƏR XƏBƏRLƏR

Top