ABŞ-ın yeni səfiri İrəvana gəlir


ABŞ-ın Ermənistandakı yeni səfiri Linn Treysi gələn həftə İrəvana gələrək vəzifəsinin icrasına başlayacaq. 


Bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi “Facebook” səhifəsində məlumat yayıb.
“Sevinc hissi ilə bəyan edirik ki, gələn həftə ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi İrəvana gələcək. Təfərrüatlardan xəbərdar olmaq üçün bizim səhifəmizi izləməyə davam edin” – səfirliyin məlumatında bildirilib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiya və keçmiş sovet ölkələri üzrə mütəxəssis Linn Treysini Birləşmiş Ştatların Ermənistandakı səfiri postuna ötən ilin sentyabrında təyin edib. Xanım Linn Treysi karyeralı diplomatdır və səfir təyin olunmazdan əvvəl ABŞ Dövlət Departamentində Rusiya məsələləri üzrə baş məsləhətçi işləyib. Daha əvvəl ABŞ-ın Moskva, Aşqabad və Astanadakı səfirinin müavini, həmçinin, ABŞ dövlət katibinin Mərkəzi Asiya məsələləri üzrə köməkçisinin birinci müavini vəzifələrində çalışıb. Linn Treysi rus dilində sərbəst danışa bilir. 

Treysi, həmçinin ABŞ-ın Pakistanın Peşəvar şəhərindəki konsulluğunda da çalışıb və oradakı fəaliyyətinə görə şəxsən ABŞ dövlət katibi tərəfindən “Qəhrəmanlığına görə” mükafatı ilə təltif edilib. (azvision)

DİGƏR XƏBƏRLƏR

Top