“Şahdağ” və “Tufandağ”a dəmir yolu "çəkən" dələduzlar məhkəmə qarşısında


Vəzifəli şəxslər hakim qarşısına çıxarılıb. Onlar dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsi adı ilə bir neçə nəfərə qarşı dələduzluq ediblər.

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda və rüşvət verməyə təhrik etmədə təqsirləndirilən Nəsimi Güləliyev, Mübariz Heydərov və Rafik Əhmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, təqsirləndirilən şəxslər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə edilən şikayətlər əsasında saxlanılıb.

Onlar “Evrokord 2” Məhdud Məsuliyyətli Cəmiyyətin vəzifəli şəxsləri olub.

Baş Prokurorluqdan verilən məlumata görə, aparılmış istintaq zamanı cəmiyyətin direktoru Nəsimi Güləliyevin öz qulluq mövqeyindən istifadə etməklə tanışları Mübariz Heydərov və Rafik Əhmədovla qabaqcadan əlbir olaraq bir neçə nəfərə qarşı dələduzluq edib.

Belə ki, onlar guya Xudat şəhərindən Qusar rayonunda yerləşən “Şahdağ” və Qəbələ rayonunda yerləşən “Tufandağ” turizm mərkəzlərinə yeni dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihənin icrasının rəhbəri olduğu təşkilata həvalə edilməsi barədə ayrı-ayrı vətəndaşlara yalan məlumatlar verib. Bununla əlaqədar təcrübəli kadrlara ehtiyacı olduğunu bildirib və işə qəbulla bağlı cəmiyyətin maddi-texniki bazasının formalaşdırılmasına dəstək adı altında onlardan müxtəlif məbləğlərdə pulları dələduzluq yolu ilə ələ keçiriblər.

Bundan başqa, istintaq zamanı N.Güləliyevin dövlət orqanlarında rəhbər vəzifədə işləyən tanışları olduğunu yalandan bildirərək məcburi köçkünlər üçün tikilən çoxmərtəbəli yaşayış binalarından mənzil verilməsi, dövlət orqanlarına rüşvət müqabilində işə qəbul etdirmək imkanına malik olduğunu yalandan vəd verib 37 min manat pulu aldatma yolu ilə ələ keçirməsinə, habelə başqalarını rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

Cinayət işi üzrə N.Güləliyev Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 178.2.2 (dələduzluq təkrar törədildikdə), 178.2.3 (dələduzluq öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.2-ci (rüşvət verməyə təhrik etmə), M.Heydərov və R.Əhmədov isə həmin Məcəllənin 178.2.1, 178.2.4 və 32.5, 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadəyə köməklik göstərmə) maddələri ilə ittiham elan olunmaqla barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. (musavat.com)

DİGƏR XƏBƏRLƏR

Top