Gürcüstan Rusiyadan sonra ən çox Azərbaycana məhsul satır


Bu ilin yanvar ayında Gürcüstandan Azərbaycana ixrac edilən malların ümumi dəyəri 34 milyon 458 min dollar olub. Yeniavaz.com Gürcüstan Milli Statistika Xidmətinin açıqladığı məlumatlara istinadən bildirir ki, əvvəlki ilin yanvar ayı ilə müqayisədə Azərbaycana ixrac edilən malların dəyəri 70,4% artıb. Belə ki, 2018-ci ilin yanvar ayı ərzində Gürcüstandan Azərbaycana 20 milyon 219 min dollar dəyərində məhsul ixrac edilib.
Azərbaycan Rusiyadan sonra Gürcüstanın ən çox məhsul ixrac etdiyi ölkə olub. Yanvar ayında Gürcüstanın ümumi ixracının 14,4%-i Azərbaycanın payına düşüb. Onu da bildirək ki, Gürcüstanın ən çox məhsul satdığı ölkələrin sıralamasında Azərbaycandan sonrakı yerlərdə Rumıniya (ay ərzində 28,1 milyon dollar), Türkiyə (21,3 milyon dollar) və Ermənistan (17,3 milyon dollar) gəlir.
İdxala gəldikdə isə qeyd edək ki, Gürcüstan Milli Statistika Xidməti ötən ay Azərbaycandan  63,1 milyon dollar dəyərində məhsul idxal etdiklərini bildirir. Ötən ilin analoji dövrü ilə müqayisədə idxalın həcmi 7,3% azalıb. Azərbaycan Türkiyə və Çindən sonra Gürcüstanın ən çox məhsul idxal etdiyi ölkədir. Gürcüstan son bir ay ərzində Türkiyədən 90,7 milyon dollar, Çindən isə 74,4 milyon dollar dəyərində məhsul idxal edib.
Məlumat üçün onu da qeyd edək ki, ötən ay ərzində Gürcüstanın xarici ticarət dövriyyəsinin ümumi həcmi 826,8 milyon dollar olub və ötən ilin analoji dövrü ilə müqayisədə 1,2% çoxdur.
Qonşu ölkənin idxalı 1,1% azalaraq 588 milyon dollar, ixrac isə 7,2% artaraq 238,8 milyon dollar təşkil edib.
 

DİGƏR XƏBƏRLƏR

Top