30 manatlıq quzu ətini bişirmək üçün xaricdən kiloqramı 6 manata kömür də gətirilir?


Xəbər verdiyimiz kimi, Dövlət Gömrük Komitəsi 2018-ci ildə ildə ölkəyə 1 kiloqramının gömrük dəyəri 30 manat (17,7 dollar) olan 350 kiloqram quzu ətinin gətirilməsi ilə bağlı açıqlama verib. Komitənin açıqlamasında qeyd olunub ki, 30 manatlıq quzu əti ölkədə fəaliyyət göstərən bəzi restoranlar tərəfindən xüsusi olaraq sifariş edilib və dünya bazarında da yüksək qiymətə satılan quzu ətidir.
Yeniavaz.com açıqlanan rəsmi statistikaya istinadən bildirir ki, ötən il ölkəyə bahalı quzu əti ilə bərabər bahalı kömür də idxal olunub. Belə ki, 2018-ci ildə Azərbaycana 1 kiloqramının gömrük dəyəri 3,5 manat (2,1 dollar) olan 7 ton bambuk ağacının kömürü idxal edilib.
İdxal olunan 7 ton bambuk ağacı kömürünün böyük bir hissəsi Misirdən gətirlib. Misirdən eyni zamanda digər ağacların da kömürü idxal olunub və onların qiyməti bir qədər də baha olub. Misirdən idxal olunan kömürün 1 kiloqramının gömrük dəyəri 5,7 manat (3,36 dollar) təşkil edib.
Məlumat üçün qeyd edək ki, bambuk ağacının kömüründən əsasən ət məhsullarının bişirilməsi üçün istifadə edilir. Məlumatlara görə, babmuk ağacının kömüründə faydalı mineral maddələr daha çoxdur. Digər kömürlərdən fərqli olaraq istiliyi uzun müddət saxlayır. Yanarkən ətrafa xoş ətir yayılır.  
Onu da qeyd edək ki, 2018-ci ildə kömür idxalı ilə bərabər ixracı da həyata keçirilib. Lakin, aldığımız kömürdən fərqli olaraq xaricə satdığmız kömürün dəyəri çox aşağı olub. Məsələn, Azərbaycan ötən il Rusiyadan kiloqramı 89 qəpiyə (52 sent) kömür alıb, əvəzində bu ölkəyə kiloqramı 5 qəpiyə (3 sent) kömür satıb. Yaxud, ötən il Türkiyədən kiloqramı 3,4 manata (2 dollar) kömür alıb, əvəzində bu ölkəyə kiloqramı 25 qəpiyə (15 sent) kömür satıb.

DİGƏR XƏBƏRLƏR

Top