Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Az.DRES qəsəbəsindəki şəhər sakinləri ilə növbəti görüş keçirib. İcra başçısı bildirib ki, qəsəbənin iki böyük problemi var- biri suvarma sisteminin olmaması, digəri isə binaların istilik sisteminin bərpası məsələsi. Sakinlər isə çıxış edərək xatırladıblar ki, qəsəbənin problemləri bununla bitmir. Onlar qəsəbədə sahibsiz itlərin uşaqlara tez-tez hücum etməsini, mal-qara sahiblərinin məsuliyyətsizliyini, yollarda işıqforların az olmasını, dayanacaqların və məcburi köçkünlərin mənzil şəraitinin bərbad olmasını, bəzi məhəllələrdə kanalizasiya sisteminin yoxluğunu, həyətlərdə işıqlanma sisteminin olmamasını və.s. problemləri icra başçısının diqqətinə çatdırıblar. İlham İsmayılov cavab olaraq bildirib ki, bu günlərdə "Qaçqınkom"un nümayəndəsi Mingəçevirdə olub. Şəhərimizdə məcburi köçkünlər üçün yeni qəsəbə salınacaq. Az.Dres qəsbəsində işlər görülür, bütün qaldırılan məsələlər mərhələ-mərhələ həllini tapacaq. Qəsəbədə iki qazanxana tikiləcək. Mingəçevirin su-kanalizasiya sisteminin daha da yaxşılaşdırılması üçün "Azərsu"ASC şəhərdə yeni layihənin icrasına başlayıb. Mən əminəm ki, gələn ildən bu problemlərin heç biri olmayacaq.
Qəsəbə sakinləri bu görüşdən məmnun qaldıqlarını bildiriblər. Esmira Hidayətova, Mingəçevir