Azərbaycanda hansı sahələrdə cinayətlər daha çox artıb? - SİYAHI


Ötən il ərzində ölkədə 26 381 cinayət faktı qeydə alınıb və bu, 2017-ci ilin göstəricisindən 1 faiz çoxdur. Yeniavaz.com açıqılanan rəsmi sytatistikaya istinadən bildirir ki, əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınan cinayət hadisələrinin sayı da əvvəlki illə müqayisədə 0,4 faiz artaraq 265 olub. Onların 59,6 faizi az ağır, 29,3 faizi böyük ictimai təhlükə törətməyən, 11,1 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 4821 hadisə şəxsiyyət əleyhinə, 12876 hadisə iqtisadi sahədə törədilən, 7029 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 1649 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 356 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 6-sı isə digər cinayətlərdir.
Qeydə alınan həyat və sağlamlıq əleyhinə olan cinayətlərdən 2710-u qəsdən sağlamlığa yüngül zərər vurma, 640-ı qəsdən sağlamlığa az ağır zərər vurma, 326-sı qəsdən sağlamlığa ağır zərər vurma, 262-si qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 36-sı ehtiyatsızlıqdan adam öldürmə, 14-ü əzab vermə, qalanları isə digər cinayətlərə aiddir.
Ötən il ərzində əcnəbilər (onlardan 19,1 faizi MDB-yə üzv olan ölkələrin vətəndaşları olmaqla) tərəfindən və ya onların iştirakı ilə 330 cinayət hadisəsi törədilib.
2018-ci ildə əvvəlki ililə müqayisədə vergi ödəməkdən yayınma 2 dəfə, dələduzluq 27,9 faiz, zorlama və zorlamaya edilən cəhd 24,3 faiz, mənzil toxunulmazlığını pozma 24 faiz, kibercinayətlər 20 faiz, adam oğurluğu 19,2 faiz, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə 7 faiz, quldurluq 4 faiz, insan alveri ilə bağlı cinayətlər 3,4 faiz, mənimsəmə və ya israf etmə 0,7 faiz, oğurluq 0,1 faiz azalıb.
Qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə 5,7 dəfə, qanunsuz sahibkarlıq 5,2 dəfə, torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma 2,6 dəfə, istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma 2 dəfə, saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma 1,7 dəfə, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər 1,8 dəfə, qaçaqmalçılıq 1,5 dəfə, qanunsuz ağac kəsmə cinayətləri isə 43,8 faiz artıb.
 

DİGƏR XƏBƏRLƏR

Top