
Milli Məclisin plenar iclasında “Gənclər siyasəti haqqında” qanun layihəsi II oxunuşda müzakirə olundu. Milli Məclisin Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev qanun layihəsi barədə məlumat verdi.
Komitə rəhbəri dedi ki, dəyişikliklər gənclərlə bağlı bır sıra yenilikləri nəzərdə tutur. Əgər əvvəlki layihədə 18 yaşına çatmayan vətəndaşlara tütün məmulatları ilə yanaşı, alkoqollu içkilərin satılması qadağan edilirdisə, son dəyişikliklərdə daha sərt əlavələr edilib. Belə ki, 18 yaşına çatmamış şəxslərə bütün növ energetik içkilərin satılması qadağan edilir.
Dəyişikliklərə əsasən, Azərbaycanda 18 yaşınadək şəxslərə tütün məmulatları və spirtli içkilərin satışına, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək. Həmin dəyişikliklərdə təklif edilir ki, müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək şəxslərin mənəvi-əxlaqi tərbiyəsini, onların fiziki və psixi sağlamlığına təhlükə yaradan zərərli informasiyalardan qorunmasını təmin etmək üçün “təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edəcəklər.
Həmçinin dəyişikliklərə əsasən, Azərbaycanda gənclərin təhsili, asudə vaxtının təşkili, inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 10 il müddətinə onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliklərdə həmçinin Azərbaycanda “gənc alim və tədqiqatçı” anlayışı dəqiqləşdirilib. Gənc alim və tədqiqatçılar yaşı 35-dən çox olmayan alim və tədqiqatçılar hesab olunacaqlar. Onların elmi fəaliyyətinin dəstəklənməsi dövlətin gənclər siyasətinin həyata keçirilməsi sahəsində əsas vəzifələrindən biri olacaq.
“Gənclər siyasəti haqqında” qanunun hazırkı variantına görə, gənclər yaşı 14-dən 29-dək olan şəxslər, gənc ailələr yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan ailə, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər hesab edilirlər.
Dəyişikliklər əsas kimi səsə qoyularaq ikinci oxunuşda qəbul edildi.
Deputat Fazil Mustafa qanun layihəsində gənclik yaşı ilə bağlı müddəaya maraqlı münasibət bildirdi: “Onda belə çıxır ki, bu qanun özünü gənc hesab edən hər kəsin üzünə açıqdır”-deyə, bildirdi. Həmçinin gənclərin potensialının üzə çıxarılmasına çalışmağı zəruri saydı. Dedi ki, ölkədə pulsuz hovuz tapmaq mümkün deyil, ona görə də hər il dənizdə batanlarımızın sayı başqa ölkələrlə müqayisədə çox olur.(musavat.com)