2018-ci ildə Türkiyəyə 51 880 nəfər Ermənistan vətəndaşı ziyarət edib. Yeniavaz.com Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı statistik göstəricilərə istinadən bildirir ki, 2017-ci illə müqayisədə Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı 7,7% artıb.
Məlumat üçün bildirək ki, bu göstərici rəsmi yollarla, yəni viza alaraq Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayını göstərir. Maraqlı məqam isə odur ki, Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi veb-səhifəsində yerləşdirilən məlumatda qeyd olunur ki, Ermənistan 1993-cü ildə Azərbaycanın Kəlbəcər bölgəsini işğal etdiyi üçün Türkiyə bu ölkə ilə olan ticarət əlaqələrinə son qoyaraq iki ölkə arasındakı sərhədi bağlayır, dəmiryolu və hava əlaqələrini dayandırır (bax: - http://www.mfa.gov.tr/turkiye-ermenistan-siyasi-iliskileri.tr.mfa). Bu barədə Türkiyə rəsmiləri, o cümlədən də bu ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə dəfə bəyan edib ki, Azərbaycan torpaqları işğaldan azad olunmayana kimi Ermənistanla heç bir siyasi və iqtisadi əlaqələr qurulmayacaq. Lakin, bu açıqlamalra baxmayaraq rəsmi statistika hər il Ermənistandan Türkiyəyə onminlərlə erməninin səfər etdiyini göstərir.
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin açıqladığı rəsmi məlumatlarda (bax: - http://yigm.kulturturizm.gov.tr/TR-201111/sinir-istatistikleri.html ) 2002-2018-ci illər ərzində Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı illər üzrə aşağıdakı kimi olub:
İllər | Türkiyəyə səfər edən Ermənistan vətəndaşlarının sayı |
2002 | 17 530 |
2003 | 23 118 |
2004 | 33 034 |
2005 | 36 648 |
2006 | 41 692 |
2007 | 53 142 |
2008 | 63 655 |
2009 | 64 982 |
2010 | 69 323 |
2011 | 72 393 |
2012 | 70 956 |
2013 | 73 365 |
2014 | 67 198 |
2015 | 48 522 |
2016 | 39 063 |
2017 | 48 320 |
2018 | 51 880 |