Ölkə iqtisadiyyatına qoyulan sərmayələr azalıb


Bu ilin yanvar ayında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 868,7 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12,5 faiz az vəsait yönəldilib, sərf edilən vəsaitin 74,3 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib. Yeniavaz.com Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu azalma neft sektoruna yatırılan investisiyaların azalması ilə bağlı olub, qeyri-neft sektoruna yönəldilən vəsaitin həcmi isə 1,2 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulan investisiyalar 1,9 faiz artıb. Ümumi sərmayənin 66,7 faizi məhsul istehsalı obyektlərinin, 23,1 faizi xidmət sahələri üzrə obyektlərin, 10,2 faizi isə ümumi sahəsi 130,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Daxili mənbələrdən əsas kapitala yönəldilən vəsait ümumi sərmayənin 66,6 faizini təşkil edib.
Əsas kapitala yönəldilən sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 84,1 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 5,1 faiz, büdcə vəsaitləri 4,1 faiz, büdcədənkənar fondların vəsaitləri isə 0,8 faiz təşkil edib.
 
 

DİGƏR XƏBƏRLƏR

Top