Ekspert: “İqtisadiyyat Nazirliyi bu vaxta qədər antiinhisarçılıq siyasəti ilə bağlı ciddi addımlar atmayıb”


İqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə verdiyi açıqlamasında Azərbaycanda ərzaq məhsullarının qiymətlərinin süni şəkildə artırılmasının müşahidə olunmadığını deyib.
Yeniavaz.com xəbər verir ki, iqtisadçı-alim Nazim Bəydəmirli məsələyə münasibət bildirib: “Əslində Şahin Mustafayev doğru deyir ki, iqtisadiyyatda süni qiymət artımı yoxdur. Çünki Şahin Mustafayevin rəhbərlik etdiyi nazirlik həmişə müxtəlif monitorinqlər aparanda - çörək sexlərindən tutmuş müxtəlif sahibkarlıq subyektlərində, mağazalarda, bunun adını “süni qiymət artımına qarşı mübarizə” qoymuşdular və müxtəlif TV-də göstərilən reportajlardan görürdük ki, bu absurd iddialarla çoxsaylı sahibkarları cərimələyərdilər. Bu zaman biz deyirdik ki, bu yanlış yanaşmadır və bazar iqtisadiyyatında süni qiymət artımı olmur, bu barədə danışmaq və sahibkara qiymət siyasətini inzibati yollarla müəyyən etdirmək olmaz, belə bir praktika da heç bir sivil ölkədə yoxdur. Bazar iqtisadiyyatında bazar qiymətlərinin artırılması ola bilər və bu rəqabətin olmamasından irəli gəlir. Əgər qiymət artımı varsa deməli qiymət artımı da təbii amillərlə bağlıdır. Ona görə də indi çox sevinirəm ki, bir neçə ildən sonra, aparılan tədbirlər nəticəsində özləri də etiraf edirlər ki süni qiymət artımı yoxdur. Mən hesab edirəm ki, İqtisadiyyat Nazirliyi əslində rəqabəti situmullaşdırmalıdır. Çox təəssüf edirəm ki, nazirlik bu vaxta qədər antiinhisarçılıq siyasəti ilə bağlı ciddi addımlar atmayıb. Və 2012-ci ildə metal istehsalçılarına qarşı “reyderhücumu” da başda olmaqla iqtisadiyyatda baş verən biznes dözümsüzlüyü nazirliyin fəaliyyətsizliyi ilə əlaqədar idi. Son qiymət artımları əslində kompleks məsələlərdən qaynaqlanır ki bunun da başlıca səbəbi ölkənin idxaldan asılılığı, inhisarçılıq və son bir ildə vergi sisteminin şəffaflaşdırılmasıdır”.

DİGƏR XƏBƏRLƏR

Top