Təbii qazı xaricə 17, özümüzə isə 20 qəpiyə satırıq


Bu ilin ilk ayında xarici ölkələrə 992 milyon 641 min kub metr təbii qaz ixrac edilib.
Yeniavaz.com-un Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən apardığı hesablama göstərir ki, xaricə satılan təbii qazın gömrük dəyəri əvvəlki ilin eyni dövrü ilə müqayisədə kəskin şəkildə azalıb.
Ötən ay xaricə satılan 1 kub metr təbii qazın gömrük dəyəri 17 qəpik (10 sent) olub. Bu isə daxili bazarda satılan təbii qazın qiymətindən ucuzdur. Bildiyimiz kimi təbii qazın daxili bazardakı qiyməti 20 qəpiyə (limitdən - 1700 kub metrdən artıq olduqda) bərabərdir.
Məlumat üçün bildirək ki, ötən ilin yanvar ayında xaricə satılan 1 kub metr təbii qazın gömrük dəyəri 27 qəpik (16 sent) olub.
Onu da qeyd edək ki, ötən ilin yanvar ayı ilə müqayisədə xaricə satılan təbii qazın həcmi dəfələrlə artıb. Belə ki, 2018-ci ilin yanvar ayında xaricə 144,7 min kub təbii qaz satdığımız halda, bu ilin yanvar ayında 992,6 min kub qaz satmışıq.

DİGƏR XƏBƏRLƏR

Top