Osman Gündüz: "Bu cür ayrıseçkilik "Bakcell" kimi şirkətə yaraşmır"


"Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyətinin biznes tarifli nömrələrinin satış şərtlərinə münasibət bildirib.
Osman Gündüz yeniavaz.com-a verdiyi açıqlamasında bildirib ki, "Bakcell"in “gold” nömrələrin satışı üçün YAP-ın üzvlük vəsiqəsini tələb etməsi hüquqi cəhətdən düzgün deyil: "Mən düşünürəm ki, əgər belədirsə, doğru bir şey deyil. Bu düzgün yanaşma deyil. Düzü, inanmıram ki belə olsun. “Bakcell” oturuşmuş bir şirkətdir, texnoloji bir şirkətdir. İnanmıram ki, belə olar. Əgər belədirsə məncə çox kobud səhvə yol veriblər. Bu ayrıseçkilikdir, doğru bir şey deyil. Nömrələr həqiqətində cəlbedici olarsa bunun bir auksiyonunu təşkil etmək və ya onlayn satışını həyata keçirmək olar. Yəni ədaləti pozmadan normal bir satış təşkil edə bilər. Bu həmçinin hüquqi cəhətdən də düzgün hal deyil. Əgər belə bir şey varsa insanlar məhkəməyə də müraciət edə bilərlər ki, burada insanların seçim hüququ tapdana bilməz”.
Qeyd edək ki, "Bakcell" Məhdud Məsuliyyətli Cəmiyyətinin biznes tarifli nömrələri (əvvəlki adı ilə “gold” nömrələr) satın alınarkən müştərilərdən Yeni Azərbaycan Partiyasının (YAP) üzvlük vəsiqəsi tələb olunur. 
"Bakcell"in müştəri xidmətlərindən bildirdilər ki, biznes tarifli nömrələr yalnız dövlət qurumlarında çalışan və "Bakcell" MMC ilə bu sahədə əməkdaşlıq edən şirkətlərin üzvlərinə verilir. Bu halda isə şəxsiyyət vəsiqəsi ilə yanaşı YAP vəsiqəsi və ya vergi ödəyicilərinin edintifikasiya nömrəsi – VÖEN ilə satış məntəqələrinə yaxınlaşmaq şərtdir. Biznes tarifli nömrələr yalnız bu halda satılır.

DİGƏR XƏBƏRLƏR

Top