FTB-nin keçmiş direktoru Donald Trampa qarşı iki cinayət işi açdığını etiraf edib


ABŞ-ın Federal Təhqiqatlar Bürosunun keçmiş direktor əvəzi və müavini Endryu Makkeyb rəhbərlik etdiyi quruma prezident Donald Tramp haqqında yeni araşdırmanın açılmasını əmr edibmiş.

O, bu barədə “CBS News” kanalının populyar “60 dəqiqə” proqramında bəyan edib.
E.Makkeyb Ağ Evin sahibi ilə bağlı “Rusiya işi”nin hədər gedəcəyindən qorxduğu üçün belə bir addım atdığını söyləyib.

“Mən “Rusiya məsələsi”nin daha möhkəm dayaqlara söykənməsi və dəyişməz qalmasından ötrü narahat idim. Əks təqdirdə yerimə təzə adam təyin edib, işi silib arxivə göndərə bilərdilər”,-deyə Endryu Makkeyb bildirib.

Xəbərdə FTB-nin keçmiş rəhbərinin Donald Tramp əleyhinə ədalətə mane olmaq və onun Rusiya ilə potensial bağlantıları haqqında araşdırma aparılması barədə sərəncamı 2017-ci ilin mayında, keçmiş direktor Ceyms Kominin qovulmasından dərhal sonra verdiyi vurğulanıb.

ABŞ prezidenti Donald Tramp isə ənənəvi olaraq məsələyə biganə qalmayıb və tvitter hesabında Endryu Makkeybə sərt təpki göstərib.

O, “rəzil” adlandırdığı Makkeybin özünü mələk kimi göstərmək istədiyini yazıb. Prezidentin sözlərinə görə, keçmiş direktor müavini əslində Hillari Klintona qarşı başladılan araşdırmanı ört-basdır etdiyi, həmçinin direktor Ceyms Kominin əlində oyuncaq olduğu üçün qalmaqalla qovulub.

“Makkeyb həm FTB, həm də ölkəmiz üçün əsl rüsvayçılıqdır”,-deyə prezident sərt şəkildə onu belə dəyərləndirib. (musavat)

DİGƏR XƏBƏRLƏR

Top