Başqasının yerinə sınaq imtahana girmək istədilər - Azərbaycanda


Fevralın 10-da keçirilən sınaq imtahanında tətbiq edilən “üzün tanınması” texnologiyasına əsaslanan proqram-texniki vasitə ilə dörd nəfərin başqasının yerinə imtahana girmək cəhdinin qarşısı alınıb.

Dövlət İmtahan Mərkəzinin yaydığı məlumata görə, ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinin modelinə uyğun keçirilən sınaq imtahanında Bakı və Gəncə şəhərlərində bəzi imtahan binalarına giriş zamanı imtahan iştirakçılarının şəxsiyyətini dəqiqləşdirmək məqsədilə “Face Recognition” (üzün tanınması) texnologiyasına əsaslanan proqram-texniki vasitələrdən istifadə olunub.

Bildirilib ki, bu texnologiyanın tətbiq edilməsində əsas məqsəd abituriyentlərin imtahan binasına buraxılış rejimini daha surətli həyata keçirmək və qeydiyyatdan keçmiş abituriyentin əvəzinə başqa bir şəxsin imtahan binasına daxil olmasının qarşısını almaqdır.

Fevralın 10-da keçirilən imtahan sınaq imtahanı olsa da, dörd nəfərin başqasının yerinə imtahana girmək cəhdi müəyyən olunub. DİM abituriyentlərin və onların valideynlərinin nəzərinə çatdırır ki, qeyd olunan proqram texniki vasitə ilə belə hallar asanlıqla aşkara çıxarılır. İmtahana giriş zamanı proqram-texniki vasitə iştirakçının kamera vasitəsilə real vaxt rejimində götürülmüş şəklini onun bazadakı şəkli ilə müqayisə edir və şəkillərin eyni şəxsə aid olub-olmadığı barədə dərhal məlumat verir.

Xatırladaq ki, fevralın 17-də keçiriləcək ilk-peşə ixtisas təhsili müəssisələrinin buraxılış, dövlət qulluğuna və daha sonra magistraturaya qəbul imtahanlarında da bəzi binalarda yeni texnologiyanın imkanlarından istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top