ABŞ İranın iki təşkilatını, həmin təşkilatlarla bağlı səkkiz fiziki şəxsi və bu ölkənin bir vətəndaşını sanksiya siyahısına salıb. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici aktivlərə nəzarət idarəsinin məlumatında deyilir. Sözügedən təşkilatlar və şəxslər İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK, İran Silahlı Qüvvələrinin elit bölmələri) fəaliyyətində iştirak etdiklərinə görə siyahıya salınıblar.
ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib: “Maliyyə Nazirliyi kiberməkanda fəaliyyət göstərən və amerikalılara qarşı yönəlmiş qoruma altında əməliyyat aparan iranlı şəxslərə qarşı tədbirlər görür. Onun sözlərinə görə, siyahıya salınan “New Horizon Organization” təşkilatı İİKK-ə dəstək göstərib və beynəlxalq konfranslar keçirib: “Həmin konfranslar iranlı kəşfiyyatçılar üçün həmin tədbirlərin iştirakçılarından kəşfiyyat məlumatları toplamaq və insanları öz tərəfinə cəlb etmək üzrə meydança rolunu oynayıb”. “Net Peygard Samavat Company” təşkilatı isə ABŞ-ın hazırki və keçmiş əks-kəşfiyyat agentlərinin kompüter sistemlərinə zərərli proqram təminatını daxil etmək cəhdləri göstərib”.