
2018-ci il ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli” və “Qərbi Çıraq” platformalarından birlikdə 213 milyon barel (29 milyon ton) və ya gündə orta hesabla 584 min barel neft hasil edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “BP-Azərbaycan” şirkətindən məlumat verilib. Ötən ilin məlumatlarına istinadən apardığımız hesablamalar göstərir ki, 2017-ci illə müqayisədə neft hasilat 0,9% az olub.
Gündəlik hasilat - Çıraq plantformasında 46 min, Mərkəzi Azəridə 154 min, Qərbi Azəridə 126 min, Şərqi Azəridə 97 min, Dərinsulu Günəşlidə 105 min və Qərbi Çıraqda 57 min barel olub.
2018-ci ildə AÇG-də ümumilikdə 117 neft hasilat quyusu və 51 qaz və su injektor quyusu istismarda olub. 2017-ci illə müqayisədə hasilat quyularının sayı 2 ədəd artıb, injektor quyularının sayı isə 3 ədəd azalıb.
Xatıraldaq ki, AÇG layihəsinin əsas iştirakçıları BP (operator - 30,37%), SOCAR (25%), Şevron (9,57%), İNPEKS (9,31%), "Equinor" (keçmiş "Statoil") (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%) və ONGC Videş Limited (OVL) (2,31%) şirkətləridir.
Son 7 ildə AÇG yatağında neft hasilatı və quyuların sayı | 2012 - ci il | 2013 - cü il | 2014 - cü il | 2015 - ci il | 2016 - cı il | 2017 - ci il | 2018 - ci il |
Hasilat (milyon barel) | 243 | 239 | 233 | 231 | 230 | 215 | 213 |
Quyuların sayı (ədəd) | 94 | 118 | 123 | 133 | 149 | 169 | 168 |