Türkiyə həbsxanalarında yer yoxdur: Son 16 ildə məhkumların sayı 4,4 dəfə artıb - RƏSMİ


Son 16 il ərzində - 2002-2018-ci illərdə Türkiyə həbsxanalarında saxlanılan məhkumların sayı 4,4 dəfə artaraq 59,5 min nəfərdən 260 min nəfərə yüksəlib.
Yeniavaz.com Türkiyə Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövürdə həbsdə olan kişilərin sayı 3,9 dəfə, qadınların sayı isə 4,7 dəfə artıb. Ümumi məhbusların 4,4%-ni qadınlar təşkil edib. Türkiyə əhalisinin 82 milyon nəfər olduğunu nəzərə alsaq, ölkədə hər 315 nəfərdən biri həbsxana divarları arasında yaşayır.
Onu da bildirək ki, açıqlanan son rəsmi məlumatlara görə,  Türkiyədə  211 min nəfər üçün nəzərdə tutulan 449 həbsxana fəaliyyət göstərir. Bu isə o deməkdir ki, Türkiyə həbsxanalarında məhkumların sayı  nəzərdə tutulan yerlərdən 23% çoxdur.
Türkiyə Ədliyyə Nazirliynin 2017-ci ildə açıqladığı rəsmi məlumatda göstərilib ki, Cümhuriyyətin 100 iliyinin qeyd olunacağı 2023-cü ilə kimi, yəni qarşıdakı 5 il ərzində ölkə ərazisində 137 min nəfərlik 228 yeni həbsxananın tikilməsi planlaşdırılıb.
Xatırladaq ki, son illər Türkiyədə hər il onlarla həbsxana inşa olunmaqdadır. Rəsmi məlumatlara görə son 5 ildə 66 min nəfərlik 79 yeni həbsxana inşa olunub: 2013-cü ildə 10, 2014-cü ildə 14, 2015-ci ildə 18, 2016-cı ildə 38, 2017-ci ildə isə 9 yeni həbsxana tikilib.
Məlumat üçün bildirək ki, Azərbaycanda məhkumların sayı Türkiyə ilə müqayisədə təxminən 19 dəfə, ölkə əhalisinin sayına nisbətdə isə 2 dəfə aşağıdır. Belə ki, Azərbaycanda hər 655 nəfərdən biri məhkum hesab olunur. Qeyd edək ki, son 17 il ərzində Türkiyədən fərqli olaraq Azərbaycanda məhkumların sayı azalıb. Statistika Komitəsinin məlumatına görə, 2002-ci ildə Azərbaycanda 14 min 188 məhkum olduğu halda, 2018-ci ildə onların sayı 13 min 733-ə düşüb. Məhkum qadınların sayında isə 2,8 dəfə azalma olub. 2002-ci ildə Azərbaycanda 1659 qadın məhkum olduğu halda, 2018-ci ildə 586 qadın məhkum olub.

DİGƏR XƏBƏRLƏR

Top