
Mingəçevir sakini təqaüdçü Kərəm Cəfərov pensiyaların qaldırılması ilə bağlı deyir ki, pensiyanının nə qədər qalxmasından asılı olmayaraq mən evimə bir kilo ət ala bilmirəm: "Yaşlı adamam aldığım 180 manat pensiya ilə çox çətinliklə dolanıram. Əgər mən ayda bir dəfə bu pula ət ala bilmirəmsə bunun nəyi yaxşı oldu. Pensiyanını artırılması mənim təqaüdümə 3-4 manat təsir edib. Ayın axırı gələndə bilmirəm hara qaçıb gizlənim. Kommunallar bir tərəfdən, evin bazarlığı, hələ üstəlik də həkimin yazdığı reseplər. İndi gəl dolan görüm bu 180 manatla necə dolanasan. Əgər bu pensiyaya təkcə mən özüm gözümü diksəm yenə bir təhər keçinərəm. Yaşlı adamam yeməsəm də olar. Bəs evdə 5 baş külfət gözünü dikib mənim pensiyama. Vallah bazara gedəndə evə gəlməyə utanıram. Nəvələrim əlimə baxır ki, görək babamız bizə nə alıb? Bazardakılar eşidiblər ki, pensiya qalxıb hər şeyin qiymətini qaldırıblar. Mən də məcbur olub puluma uyğun keyfiyyətsiz ərzaq alıram. Neyləyim, bir təhər ailənin gündəlik qayğılarını ödəməyə çalışırıq. 180 manat pensiya ilə dolanmaq indiki zamanda çox çətindi”.
Esmira Hidayətova, Mingəçevir.