Sumqayıtda “Bu şəhərdə”nin konsertinə qadağa qoyulub? - RƏSMİ AÇIQLAMA​ - YENİLƏNİB


Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməməsilə bağlı icra hakimiyyəti açıqlama verib.


Yeniavaz.com xəbər verir ki, Sumqayıt Şəhər İcra Hakimiyyətindən Unikal.org-a verilən məlumata görə, burada mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün hər cür şərait yaradılıb və şəhərdə davamlı olaraq insanların mədəni istirahəti üçün kütləvi tədbirlər keçirilir, konsertlər təşkil olunur.

“Bu şəhərdə” komandası da ötən ilin mart ayında Sumqayıt səhnəsində olub, yüksək səviyyətə konsert proqramları təşkil olunub. “Bu şəhərdə”nin konsert proqramında şəhər rəhbərliyi eləcə də şəhər ictimaiyyəti iştirak edib.

Əgər bu il də Sumqayıt şəhərində konsert proqramı ilə iştirak etmək niyətləri varsa və şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblarsa ötən il olduğu kimi yenə də konsertlərini keçirə bilərlər. Onu da qeyd edək ki, İcra hakimiyyəti tərəfindən “Bu şəhərdə” üzvlərinə “yox” cavabı verilməyib", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, bundan əvvəl “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov konsertin keçirilməsinə icazə verilmədiyini bildirib.

***09:27
Sumqayıtda “Bu şəhərdə”nin konsertinin keçirilməsinə icazə verilməyib.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Bu şəhərdə”nin prodüseri Müşfiq Abbasov bildirib. Onun sözlərinə görə, tamaşaçıların istəyinə görə, konsertin keçirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət edilsə də, cavab müsbət olmayıb.

“Əziz Sumqayıtlılar! Bizim telefona, “İnstagram” və “Facebook”a gələn sms-lərə cavab olaraq nəzərinizə çatdırırıq ki, mart ayında konsertlərimizin keçirilməsi üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə (Cənab Zakir Fərəcova və onun müavini Teymur Səmədova) iki məktub ünvanlamışıq.

Nəticədə bizə məlum olmayan səbəbdən, Sumqayıtda "Bu şəhərdə" nin konsertlərinin keçirilməsinə icazə verilmədi. "Bu şəhərdə" Sizin şəhərdə olmayacaq”, - deyə Müşfiq Abbasov bildirib.

Qeyd edək ki, "Bu şəhərdə"nin Bakıda, Naxçıvanda, Gəncədə, Sumqayıtda, Moskvada, Londonda, Stokholmda, Minskdə, Kölndə, Riqada və s. şəhərlərdə 200-dən çox konsertləri olub.

DİGƏR XƏBƏRLƏR

Top