Məhvə tərk edilmiş tarix - Yararsız hala düşmüş Kələxana türbələri - FOTOLAR


Azərbaycanın Şamaxı şəhərinin cənubunda kiçik bir kənd var – Kələxana. Rayon mərkəzindən cəmi beş kilometr aralıda yerləşsə də, kəndə bir saata gedib çıxmaq olmur. Kəndin yolu çox pisdir, yağış yağsa, demək olar ki, sondur. Kəndin düz yanında böyük çöllük var, burada isə məşhur Kələxana türbələri yerləşir.

Yeniavaz.com "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, əvvəllər burada doqquz dənə səkkiz üzlü böyük daş tikili olub. İndi isə o daşların səkkizi qalıb, biri isə yarı dağılmış vəziyyətdədir. Kələxana türbələri Azərbaycan ərazisində yeganə olmasa da, ən gözəl türbələr sayılır. Kompleksin XVII əsrdə tikildiyi güman edilir. Çünki onu əhatə edən divarın tağındakı yazı bundan xəbər verir. Yazıya görə, bina 1663-1664-cü illərdə Əbdül Əzim adlı usta tərəfindən tikilib.

Yeri gəlmişkən, "Çilkey şeyxləri"ndə türbənin divarlarında hər hansı yazı, hətta Qurani-Kərimdən sitat və dini simvollar yazmaq adəti yox idi. Təkcə dəfn edilənin adından ibarət bir məlumat lövhəciyi olurdu. Bu istisna hal memarın şöhrətə olan həvəsinin göstəricisiydi.

Bu türbələrlə bağlı yerlilərin qorxulu bir əfsanəsi var. Mahiyyəti də ondan ibarətdir ki, soyğunçuluqla məşğul olmaq, heyvanları incitmək olmaz. Deyirlər ki, bir dəfə bir nəfər asan qazanc əldə etmək üçün türbələrdən birinə qızıl axtarmaq üçün gedir və təsadüfən orada ilan öldürür. Səhəri gün bir sürü zəhərli ilan öldürülən ilanın qisasını almaq üçün küçələrə, evlərə dolur və yerli sakinləri buradan qaçmağa vadar edir. Ancaq xeyli müddət keçəndən sonra insanlar bura qayıtmağa cəsarət tapır.

Abidələr siyahısında Türbələr kompleksi kimi adlanılmasına baxmayaraq, abidənin məhz Karvansara kompleksi olduğunu sübut edən tikililər mövcuddur. Buzxanalar və həmin buzxanaya kəhriz vasitəsi ilə gətirilən suya görə buranın türbə yox, karvansara kompleksi olduğu ehtimal edilir.

Amma bu danılmaz sübuta baxmayaraq, "Miras" ictimai təşkilatının əməkdaşı Fariz Xəlili hesab edir ki, türbələr XIV-XV əsrlərdən xeyli əvvələ aiddir. Onun fikrincə, türbə kompleksinin daha detallı araşdırılmasına ehtiyac var, çünki tədqiqat xeyli sürpriz üzə çıxara bilər. Fariz Xəlili onu da bildirir ki, Şamaxının bu ərazisi tarixi abidələrlə zəngindir və təbii şəraitlə əlaqədar olaraq onların çox hissəsi məhv olub. Ona görə də ərazidə arxeoloji qazıntıların aparılmasına və Şamaxının bu hissəsinin də beynəlxalq turizm marşrutuna salınmasına zərurət var.

ələxana türbələri yerli əhəmiyyətli memarlıq abidələri sayılsa da, kəndlilərin sözlərinə görə, aidiyyəti qurumlar türbəyə o qədər də diqqət yetirmir. İlk dəfə kompleksdə hələ sovet dövründə bərpa işləri aparılıb. Sonradan bir dəfə də olsun restavrasiya olunmayıb və burada heç bir ciddi qazıntı işləri aparılmayıb. Zaman keçdikcə abidələr eroziyaya uğrayaraq yarasız hala düşüb. Unikal tarixi abidə kompleksinin ərazisi hazırda heyvanların otlaq sahəsinə çevrilib. Yerli sakinlərin sözlərinə görə, kəndin tarixi, eləcə də ata babalarının irsi göz görə-görə məhv olur. Dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nə baxan var, nə də axtaran, gələn də ancaq boş vədlər verib qayıdır.

Məsələ ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin Təhsil Səhiyyə və Mədəniyyət sahəsinin sektor müdiri ilə əlaqə saxladıq. O, məsələdən xəbərdar olduqlarını bildirdi: "Aidiyyəti qurumlara bu haqda məlumat verilib, ümid edirik ki, yaxın zamanlarda məsələ həllini tapacaq".

Qeyd edək ki, Şamaxı rayonunda 79 tarixi və mədəniyyət abidəsi mövcuddur və onların hamısı dövlət tərəfindən qorunur. Güman edirik ki, unudulmuş bu tarixi abidə bərpa olunaraq ölkəmizə gələn turistlərin ixtiyarına veriləcək.




DİGƏR XƏBƏRLƏR

Top