Azərbaycan dövlətçiliyi tarixində mühüm yer tutan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 95-ci ildönümü tamam olur.
Yeniavaz.com xəbər verir ki, 1921-ci ildə Azərbaycanın tərkibində muxtariyyət statusu qazanan Naxçıvanda 1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikası yaradılıb. Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm, əhəmiyyətli hadisəsidir.
Naxçıvan Muxtar Respublikası, Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. 1995-ci il 12 noyabrda referendum yolu ilə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir və onun statusu bu Konstitusiya ilə müəyyən edilir.
Muxtar respublikanın idarəetmə qaydaları,hakimiyyətin bölgüsü və s. mühüm məsələlər Naxçıvan Muxtar Respublikasının Konstitusiyası ilə tənzimlənir. Muxtar Respublikanın sonuncu konstitusiyası 29.12.1998-ci ildə qəbul edilib.
Muxtar respublika şimalda və şərqdə 246 km olmaqla Ermənistan Respublikası, qərbdə 15 km olmaqla Türkiyə Cümhuriyyəti, cənubda isə 204 km olmaqla İran İslam Respublikası ilə həmsərhəddir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2019-cu il 21 yanvar tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının 95 illik yubileyinə həsr olunmuş Tədbirlər Planı” təsdiq edilib.