Sarkisyandan sonra Petrosyan da dindirildi


Ermənistan Xüsusi İstintaq Xidməti 2008-ci ilin 1 mart hadisələri ilə əlaqədar aparılan istintaq çərçivəsində ilk prezident Levon Ter-Petrosyanı dindirib.

O, 1,5 saat davam edən sorğuda şahid qismində ifadə verib. Bu barədə eks-prezidentin mətbuat katibi Arman Musinyan bildirib.

Qeyd edək ki, bir neçə gün öncə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan da 1 mart hadisələrinə görə 5 saat dindirilib.

Xatırladaq ki, 2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar. 10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarkisyan yox, Levon Ter-Petrosyan qalib gəlib. Konstitusiya Məhkəməsi isə o zaman seçkiləri qanuni olaraq tanıdığını, Sarkisyanın 52,86 faiz səs, Levon Ter-Petrosyanın isə 21,5 faiz səs topladığını açıqlamışdı.

Bundan sonra martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində – Myasnikyan abidəsinin yaxınlığında 10  nümayişçi öldürülüb. Hadisə nəticəsində 200-dən çox insan yaralanıb.(qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top