Millət vəkili Cavid Osmanov Aprel şəhidinin ailə üzvləri ilə görüşüb


Millət vəkili Cavid Osmanov Ağdaş rayonu Şəkili kəndində aprel döyüşləri zamanı şəhid olmuş Ömər Cəbrayılovun ailəsi ilə görüşüb. Görüşdə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Ağdaş rayon şöbəsinin üzvləri iştirak edirdilər.
Yeniavaz.com xəbər verir ki, Millət vəkili Cavid Osmanov ölkəmizdə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlərdən danışdı. Bildirdi ki, ulu öndər Heydər Əliyev hər zaman şəhid ailələrinə diqqət və qayğı ilə yanaşmışdır. Ümummilli Liderimizin bu siyasəti hazırda Prezidentimiz İlham Əliyev və birinci vitse-prezidentimiz, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva vətərəfindən uğurla davam etdirilir. Bu qəbildən olan insanların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.
 Aprel döyüşlərinə toxunan millət vəkili bildirdi ki, bu döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin prinsipial, qətiyyətli siyasəti sayəsində Azərbaycanın ardıcıl şəkildə qazandığı diplomatik uğurlar, Ermənistan rəhbərliyini çətin vəziyyətdə qoyur, həmçinin işğalçı ölkə beynəlxalq iqtisadi layihələrdən kənarda qalır. Dövlət başçımızın Azərbaycan Ordusunun aprel qələbəsinin ildönümü ilə əlaqədar bir qrup hərbçi ilə görüşündə də qeyd etdiyi kimi, Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verib. Hərbi əməliyyatlar bir daha təsdiqlədi ki, Azərbaycan işğal olunan torpaqlarını azad etmək gücündədir.
Şəhidin atası Məzahir Cəbrayılov onun ailə üzvləri ilə görüşə gəldiyi üçün millət vəkilinə təşəkkür etdi. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını bildirdi.
Pərviz Əliyev. Ağdaş

DİGƏR XƏBƏRLƏR

Top